Главная > Problem > Daha bir azyaşlı küçə itinin qurbanı oldu - necə qorunaq?

Daha bir azyaşlı küçə itinin qurbanı oldu - necə qorunaq?


28-01-2020, 10:32.

          Daha bir azyaşlı küçə itinin qurbanı oldu -necə qorunaq?

 

Bakıda günbəgün küçə itlərinin sayı artır; it dişləyən zaman nələri etmək lazımdır...

Bakıda daha bir azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.

"Yeni Müsavat”a son zamanlar Bakının bir çox rayonlarında küçə itlərinin sayının həddindən artıq çox olması ilə bağlı şikayətlər edilir. Xüsusilə Xətai, Nizami, Sabunçu rayonları ərazilərində küçə itlərindən xeyli şikayət var. Küçə itləri əsasən köhnə binaların həyətinə cəmlənirlər. Gündüz yatan küçə itləri gecələr ərazilərdə sürü ilə gəzərək, insanlar üçün təhlükə yaradır. Bu barədə şikayət edən sakinlər bildirirlər ki, səhər saatlarında məktəbə gedən uşaqlar itlərlə üzləşirlər. Çox zaman itlər onlara hücum edir.

Ömərov Polad ile ilgili görsel sonucu

 

Məlumat üçün bildirək ki, əvvəllər sahibsiz itlərin küçələrdən yığılması ilə Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olub. Hazırda bu qurumun və eləcə də icra hakimiyyətlərinin küçə itlərinə qarşı mübarizəsi məhdudlaşdırılıb. Belə ki, əgər əvvəllər qurumun əməkdaşlarına tüfəng vasitəsilə itləri öldürməyə icazə verilirdisə, indi bu, belə deyil. Hazırda sahibsiz itlərlə bağlı Qaradağ rayonunda sığınacaq mərkəzi fəaliyyət göstərir. Onlar isə itlərə zərər vermədən toplayıb qısırlaşdırırlar.

Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi isə itləri qısırlaşdırdıqdan sonra yenidən götürdükləri ərazilərə buraxırlar. Qısır itlər kimsəyə hücum etmir. Dünyada küçə itlərini qısırlaşdırmaqla onları təhlükəsiz vəziyyətə gətirirlər.

Hazırda sosial şəbəkələrdə heyvanları müdafiə edən təşəbbüs qrupları, həmçinin öz şəxsi mülklərində şikəst və sahibsiz heyvanlar üçün sığınacaq yaradanlar da az deyil. Bu gün də itləri insanlardan qoruyan xeyli qruplar, könüllülər mövcuddur. Bəs insanları itlərdən necə qoruyaq?

İt dişləməsi zamanı insan quduzluq xəstəliyinə tutulur. Quduzluq ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanlar tərəfindən dişlənmədən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətlərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

Dünyanın inkişaf etmiş ölkələri bu prosesləri bizdən öncə keçiblər. Xarici mətbuatda quduzluqla bağlı kifayət qədər materiallar mövcuddur. Onlara istinadən bildirək ki, quduzluq xəstəliyi insanlara 60 faiz hallarda itlərin hücumu-dişləməsi nəticəsində keçir. Normalda mütəxəssislər bildirirlər ki, itlər kimsəyə hücum etmir. Onlar, sadəcə, ac olduqları üçün qida istəyirlər. İtlər yalnız təhlükə hiss etdikləri və quduz olduqları zaman hücum edirlər. Ona görə də hücum edib, dişləyib və uzaqlaşmayan itlərin quduz olma ehtimalı yüksəkdir. Bu halda heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi, zərərçəkənin həkim-infeksionistə gətirilməsi və təcili surətdə quduzluq əleyhinə vaksinin vurulması lazım gəlir. Quduzluq xəstəliyinə yoluxan insana vaksin vurulmadığı təqdirdə onda quduzluq əlamətləri hiss edilir. Bu əlamətlər hiss edildikdən sonra vaksinin heç bir köməyi olmur və xəstə ölür. Buna görə də dərhal reaksiya lazımdır. Belə ki, ilk 2 -3 gün davam edən xəbərdarlıq dövründə ümumi kefsizlik və baş ağrıları ilə yanaşı temperaturun dəyişməsi müşahidə olunur. Bundan başqa, dişlənmiş yara iltihablaşaraq, şişir, qızarır və sızıldayan ağrılar meydana çıxır. Psixikanın ilk pozğunluq əlamətləri: qorxu, dəhşət, həyəcan özünü büruzə verir. Xəstə qidadan imtina edir, yuxusu pozulur. Sonradan bu əlamətlərə udmanın çətinləşməsi, "döş sıxıntısı” kimi hallar da əlavə olunur.

Oyanma dövründə reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının inkişafı ilə xarakterizə olunur. Quduzluğa yoluxan sudan qorxur. Xəstədə su içərkən, daha sonra suyu görərkən, onun şırıltısını belə eşitdikdə, hətta adı belə çəkildikdə tutmalar baş verir. Tutma həyəcan, qorxu və narahatlıqla başlayır, sonradan ona hərəki oyanma qoşulur. Bu zaman bədən qəflətən diksinir, udlaq və qırtlaq əzələlərində ağrılı spazmalar baş verir, nəfəsalma çətinləşir. Bu zaman xəstənin görünüşü çox xarakterik olur: o, qışqıraraq başını və bədənini geriyə əyir, titrəyən əllərini irəliyə atır, su olan qabı itələyir. xəstənin boynu dartılır, əziyyətli qıcolmalar üzü pozur, o, göyərir.

Tutmaların qızğın çağında tənəffüsün və ürək fəaliyyətinin dayanması belə mümkündür. Xəstələr aqressiv olurlar, özlərini və ətrafdakıları cırmaqlayır, dişləyirlar, tüpürürlər, ümidsiz qəzəblə vurnuxur, geyimlərini cırırlar.

İflic dövründə hidrofobiya, psixi oyanma tutmaları kəsilir, içmək, qida qəbul etmək imkanı sağalma ümidini artırır. Bədən temperaturu 42 °C-dək yüksəlir. Artan taxikardiya və hipotoniya xarakterikdir. Bu dövr 18-20 saat davam edir, beləliklə, xəstə adətən ürək və tənəffüs mərkəzinin iflicindən ölür. Xəstəliyin ümumi davamı 3-7 gün, nadir hallarda 2 həftə və daha çox çəkir.

Virus insan orqanizminə 2 yolla düşə bilər-quduz heyvanın dişləməsi nəticəsində; xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində.

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir. İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişləmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur.

Əli RAİS, musavat.com

 


Вернуться назад