Seyfulla Mustafayev:"102.1 Çingiz Mustafayevin
adını daşıyan radionu bloklayacaq"
MTRŞ-ın qalmaqallı qərarına reaksiya
Bir necə saat öncə Milli Televiziya və Radio Şurasının
(MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov sensasiyalı bəyanatla
çıxış etdi. MTRŞ nümayəndəsi Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi jurnalist
Çingiz Mustafayevin adını daşıyan ANS ÇM - 102,0 MHs işçi tezliyinin 102,1 MHs-ə
dəyişdirilə biləcəyini bildirdi.
Lakin texniki mütəxəssislərin fikrincə, qonşu işçi tezliklərdəki iki
radiostansiyanın fəaliyyəti mümkün deyil. Bir radio digərini zəiflədəcək.
Yaranmış vəziyyəti haqqın.az-a Çingiz Mustafayevin adını daşıyan
radiostansiyanın təsisçilərindən biri, Milli Qəhrəmanın qardaşı, tanınmış
jurnalist Seyfulla Mustafayev şərh edib. Xatırladaq ki, o 102 FM dalğası üçün
keçirilən tenderdə iştirak edənlərdən biridir.
"Milli Televiziya və Radio Şurasının öz qərarını dəyişməsini eşidəndə
Molla Nəsrəddinin məşhur deyimi yadıma düşdü - "Üzrü əməlindən də betər".
Onun sözlərinə görə, bu ilk növbədə qanun pozuntusudur. Artıq elan edilən
tenderin şərtləri kiminsə qərarı ilə gedişatdan asılı olaraq dəyişdirilə bilməz.
MTRŞ 102 tezliyi üçün tenderi ləğv etməli və sonra mövcud qanunvericiliyə uyğun
olaraq mövcud prosedur və təşkilati məsələləri nəzərə almaqla yeni bir tezlik
üçün yeni bir tender elan etməli idi.
İkincisi, texniki mütəxəssislərin də bildirdiyi kimi, 102.1 tezliyi faktiki
olaraq 102.0 tezliyini təcrid edir və gələcəkdə Çingiz Mustafayein adını
daşıyan radionun bərpasını qeyri-mümkün edir.
"Mənə elə gəlir ki, MTRŞ-nin qərarı məhz bu məqsədi güdür. Bu qəribədir.
Onların Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın fəaliyyətini bərpa etməyə
mane olmaqdan başqa işi yoxdur? Axı bəllidir ki, Azərbaycanda çox sayda boş
tezlik var. Əgər MTRŞ yeni radiostansiyanın açılmasına imkan yaratmaq istəyirsə
onda buyursunlar, boş radiotezlik kifayət qədərdir, hamıya yer çatar. 102 FM
dalğası ətrafında bu qədər vurnuxma yaratmaq nəyə lazımdır?
Yeri gəlmişkən, fürsətdən istifadə edərək bütün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətə
malik ANS ÇM radiostansiyasının müdafiəsinə qalxdıqları üçün sadə vətəndaşlara,
ziyalılarımızın ən yaxşı nümayəndələrinə ürəkdən təşəkkür etmək istəyirəm.
İnsanların səsinə qulaq asaraq MTRŞ məmurlarına bu çaxnaşmanı dayandırmağı məsləhət
görən şəxslərə də ayrıca minnətdaram. Mənə elə gəlir ki, bu məmurlar çətin ki,
öz iradələri ilə öz qərarlarını dəyişərdilər".
Вернуться назад
|