Главная > Mənəviyyat > Nəhcül-bəlağə və həzrət Əlinin (ə) əzəmətli məqamı

Nəhcül-bəlağə və həzrət Əlinin (ə) əzəmətli məqamı


3-06-2019, 14:42.

        Nəhcül-bəlağə və həzrət Əlinin (ə) əzəmətli məqamı

 

Həzrət Əlinin (ə) əzəmətli məqamını tanımaq və tanıtdırmaq məsum imamlardan başqaları üçün qeyri-mümkündür. Buna görə həzrəti tanımaq üçün onun öz sözlərinə diqqət yetiririk.

1. Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 192-ci xütbəsində İslamın zühurunu xatırladır və peyğəmbəri mədh edərək buyurur:

"O məni uşaqlıqdan öz yanında böyüdüb. O məni sinəsinə sıxar, yatanda qucağına alar, bədənini bədənimə sürtər, öz xoş ətrini mənə iylədər, ağzıma çeynənmiş yemək qoyardı. O mənim sözümdə yalan, əməlimdə səhv və xəta tapmadı. O, hər gün öz xislətlərindən bir bayraq və əlamət ucaldır (nümayiş etdirir) və mənə ona yiyələnməyi əmr edirdi (Peyğəmbərliyə təyin edilməmişdən qabaq). Hər il (bir ay insanlardan uzaqlaşaraq ibadət və bəndəliklə məşğul olmaq üçün Məkkə yaxınlığındakı dağlardan biri olan) Hirada məskunlaşırdı. Həmin müddətdə mən onu görərdim və onu məndən qeyrisi görməzdi. Həmin zamanda İslam Allahın Peyğəmbərinin (s) və (o həzrətin arvadı) Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı və mən onların üçüncüsü idim. Vəhy və (ilahi) elçilik nurunu görür və nübuvvət və peyğəmbərlik ətrini duyurdum. O həzrətə vəhy nazil olanda şeytanın səsini eşitdim. Dedim:” Ey Allahın Peyğəmbəri, bu nə səsdir?” Buyurdu:” Bu şeytanın səsidir ki, o, pərəstiş edilməkdən ümidsizliyə qapanıb, sən mənim eşitdiklərimi eşidir, gördüklərimi görürsən, yalnız (lakin) Peyğəmbər deyilsən, lakin (mənə) vəzirsən; sən xeyir və yaxşılıqdasan.”

2.Həzrət Əli (ə) "Şiqşiqiyyə” adı ilə tanınan üçüncü xütbədə buyurur:

"Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz.”

Adi insanlar həzrət Əlinin (ə) möhtəşəm məqamını təsəvvür etməkdə belə acizdirlər.

Sel tək axan maarifi o həzrətdən öyrənmək də hər insan üçün asan olmaz. Çünki, selin qabağında dayanmaq mümkün deyil, kənarından bacardıqca istifadə etmək lazımdır.

3. O həzrət 189-cu xütbədə öz elmi məqamını bəyan edərək buyurur:

"Ey insanlar! Məni itirməmişdən qabaq məndən soruşun ki, mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm.”

Bu kəlamda həzrət dünyada olduğu kimi özündə olan iki məqama toxunur; Qeyb aləmi və şəhadət aləmi (maddi və dünyəvi aləm). Sonra buyurur: "Mənim qeybə olan elmim dünyəvi elmlərdən daha çoxdur.” Bəli qeyb aləminə agah olanlar şəhadət (maddi və dünyəvi) aləminə bağlı olanlardan daha güclüdürlər!

4. Həzrət Əli (ə) 175-ci xütbədə buyurur: "And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam (Çünki, Allahın izni ilə sizin keçmişinizdən və gələcəyinizdən agaham). Amma mənim barəmdə Allahın Peyğəmbərinə kafir olmağınızdan (Məni ondan üstün hesab etməyinizdən) qorxuram. (halbuki mən keçmiş, gələcək və indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam.”

Bunlar həzrət Əlinin qeyb aləminə olan agahlığının nümunələridir.

5. O həzrət "Nəhcül-bəlağə”nin 157-ci xütbəsində özünü vəhy təfsirçisi kimi tanıtdıraraq buyurur:

"O Qurandır. İstəyin ki, dilə gəlsin. Heç vaxt dilə gəlməz, ancaq mən sizlərə ondan xəbər verirəm. Agah olun ki, Qurandadır gələnin elmi, keçmişin xəbərləri, dərdin dərmanı və sizə aid olanların nizama salınması”.

6. Həzrət Əli (ə) Nəhcül-bəlağənin 109-cu xütbəsində buyurur:

"(Biz on iki imam) Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir ailədənik. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik.”

Elm və hikmətin mərkəzi həzrət Əli və onun məsum övladlarıdır. Quran hikməti bəyan etdiyi kimi Əmirəl-möminin də Quranın nümunəvi şagirdi və danışan Qurandır. Quran və hikmətin ən yaxşı təfsirçisidir.

Allah-taala Quranı vəsf edərək buyurur:

"Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin...”(1)

Ağır və dərin mənalı məsələləri anlamaq hər insan üçün asan deyil. Quranın dərin maarifi dağı parçalayacaq dərəcədədir. Amma bu bir misaldır: "...Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” Həzrət Əli (ə) də digərlərindən çox istədiyi Səhl ibn Huneyf Ənsarinin vəfatından sonra buyurdu: "Əgər məni dağ sevsə parça-parça olub tökülər.” (Yəni Quranın dərin mənasını dərk etmək dağ üçün asan olmadığı kimi Əlinin (ə) mərifətinə və vilayətinə sahib olmaq da dağa ağır gəlir.

7. İmam Əli (ə) (özünün haqq yolda sabitqədəm olması barəsində) buyurur: "Haqq (İslam dininin kök və şaxələri mənə) göstəriləndən bəri onun barəsində şəkk və tərəddüdə düşməmişəm.”(3)

Həzrət Əli (ə) fitrətən müsəlman doğulduğu üçün heç vaxt haqqda şəkk etmədi və həmişə davamlı şəkildə dində sabitqədəm qaldı. O həzrət bu barədə buyurur:

"Çünki mən fitrətən müsəlman doğulmuşam.”(4)

8. Əmirəl-möminin həzrət Əlini (ə) Müaviyəyə yazdığı məktubların birində Əhli-beytin fəzilətlərinə işarə edərək buyurur:

"Əgər Allah insanın özünü tərifləməsini qadağan etməsəydi - "Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!”(5)- mən öz ailəmin (Əhli-beytin) saysız fəzilət və üstünlüklərini sayardım”. (6) Bu iş məhz Allahın nemətlərini sayaraq kamil bəndəliyi göstərmək deməkdir. Sonra o həzrət buyurur: "Biz Pəbbimizin tərbiyə etdiyi kimsələrik və sonrakı insanlar bizim tərbiyə etdiklərimizdir.” Bu cümlə həzrət Məhdidən (ə) də nəql olunub.(7) "Biz İlahi maarifi Allahdan öyrənmişik, başqaları isə bizdən öyrənirlər. Biz vəhy süfrəsinin kənarında oturmuşuq, başqaları isə bizim hidayət süfrəmizdən bəhrələnirlər.”

Həkim (hikmət sahibi) Allahın bilavasitə şagirdi də həkimdir. İslam Peyğəmbəri hikmətli Quranı həkim Allahdan öyrəndiyinə görə özü də həkimdir. Həzrət Əli (ə) mübahilə ayəsinə (8) əsasən peyğəmbərin canı kimidir. Deməli həmin elm və maarifə malikdir və bunlar onun hikmətli canından mənşələnir.

Əgər bir kəs 40 gün ixlasla öz həyatını Allahın razılığına həsr etsə və bu ayənin məzmununu: "De! Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”- özündə cilvələndirə bilsə (9) hikmət bulaqları canından qaynaqlanaraq dilinə cari olar.(10) Həzrət Əli (ə) bütün ömrünü ixlasla keçidiyinə görə elə bir məqama nail oldu ki, buyurdu: "Məni tapmayacağınız vaxt çatmamış məndən soruşun. And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim)”(11)

9. Həzrət 192-ci xütbədə buyurur:

"Mən o dəstədənəm ki, onlara Allah yolunda heç bir danlaqçının danlağı məne olmur. Onların üzləri doğruçuların üzləri, sözləri gözəl əməl sahiblərinin sözləridir. Gecə abadlaşdıran, gündüz isə nişanə və bələdçidirlər (gecə oyaq qalaraq axirətlərini abadlaşdırırlar, gündüz isə xalqı haqq yola istiqamətləndirirlər). Onlar Quran ipindən (onun azğınlıq və bədbəxtçilikdən nicat tapmağa səbəb olan elm və marrifinə) möhkəm yapışar və Allahın yollarını, Onun Peyğəmbərinin sünnəsini dirçəldərlər. Təkəbbür götərməz, məğrurluq, haqsızlıq və pozğunçuluq etməzlər. Qəlbləri cənnətdə, bədənləri isə işlə məşğuldur (qəlbləri cənnətə yönəlib, bədənləri isə yaxşı işlərlə və bəndəliklə məşğuldur).

10. Həzrət 197-ci xütbədə vəhy və peyğəmbərə daim tabe olmasına və heç vaxt ondan ayrılmamasına işarə edərək buyurur:

"Mən heç vaxt, bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heç kəsdə düşmənin qarşısını almaq cürəti olmayan) yerlərdə (çətinliklər və müharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm... Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz və əməllərim eyni ilə Allah və Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər.

Bu kiçik yazıda yazılanlar həzrət Əlinin öz kəlamlarından (ə) onu tanıtdıran nümunələr idi. Həzrət Əli (ə) kimi şəxsiyyəti ya peyğəmbər ya da özü tanıtdırmalıdır. İslam Peyğəmbəri həzrət Əliyə (ə) müraciətlə buyurur: "Səni Allah və məndən başqa heç kim layiqincə tanımayıb”(12)

 

 

Qeydlər və mənbələr:

1. Həşr surəsi, 21-ci ayə.

2. Nəhcül-bəlağə, 111-ci hikmət.

3. Nəhcül-bəlağə, qısa kəlamlar, 184.

4. Nəhcül-bəlağə, 57-ci xütbə.

5. Nəcm surəsi,32-ci ayə.

6. Nəhcül-bəlağə, 28-ci məktub

7. Biharul-ənvar, c: 53, səh: 178.8. Ali-İmran surəsi, 61-ci ayə.

9. Ənam surəsi, 162-ci ayə.

10.Biharul-ənvar, c: 67, səh: 249.

11. Nəhcül-bəlağə, 93-cü xütbə.

12. Biharul-ənvar, c: 39, səh: 84.

 

İlahiyyatçı-yazar: Şəhriyar ƏLİYEV

Uluyol.az


Вернуться назад