Главная > Region > Ali Hərbi Məktəbə qəbul başlayır

Ali Hərbi Məktəbə qəbul başlayır


1-03-2016, 10:59.

Bu gündən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlərin ərizə və sənədlərinin qəbuluna başlanılıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.

 

Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış hərbi-həkim və mandat komissiyalarından, Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş fiziki hazırlıq normativləri üzrə sınaqdan keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndəriləcək. İmtahanlar test üsulu ilə 4-cü ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçiriləcək.

 

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, şərtlər TQDK tərəfindən müəyyən edildiyindən abituriyentlər Komissiyanın internet saytını və ya mətbuatda verilən elanları izləməlidirlər.

 

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2016-cı ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Ali Hərbi Məktəbə qəbul edilmirlər.

 

Ali Hərbi Məktəbə qəbul üçün namizədlər Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə, 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda) sənədlərini şəxsən özləri təqdim etməlidirlər.

Qeyd edək ki, ərizə və sənədlərin qəbulu bu gündən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.


Вернуться назад