Главная > Ümumi > Müsavat seçki pozuntuları haqda ÜÇÜNCÜ press-relizini yaydı

Müsavat seçki pozuntuları haqda ÜÇÜNCÜ press-relizini yaydı


1-11-2015, 15:28.

azay

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı seçki pozuntularını əks etdirən ÜÇÜNCÜ press-relizini yayıb. Press-relizi təqdim edirik:

41 saylı Sumqayıt birinci seçki dairəsinin 31 saylı seçki məntəqəsindən Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Yunis Abdullayevin verdiyi məlumata görə, seçicinin seçki qutusuna topa şəklində seçki bülletenlərini saldığını görərək, bu barədə seçki komissiyasının sədri Solmaz Salahovaya məlumat verib. Bu saxtakarlığın qarşısını almağın vacib olduğunu bildirdikdən sonra seçki komissiyasının sədri onu seçki məntəqəsindən çıxarmaqla hədələyərək, son xəbərdarlıq edib.

47 saylı Mingəçevir seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nurəddin Rüstəmovun verdiyi məlumata görə, o, seçki məntəqəsinə girmək istərkən dairə seçki komissiyasının katibi Tərlan Hüseynovun müqaviməti ilə rastlaşıb. Belə ki, Tərlan Hüseynov Nurəddin Rüstəmovun seçki məntəqəsinə girməsinə imkan verməyib və seçicilərin qarşısında N.Rüstəmovun və Müsavat Partiyasının ünvanına təhqiredici ifadələr işlədib.

Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Vidadi Feyzinin verdiyi məlumata görə, 42 saylı Sumqayıt iknci seçki dairəsinin 37 və 38 saylı seçki məntəqələrində adları seçici siyahısında olmayan, bu seçki məntəqələrinin ərazisində, hətta Sumqayıt şəhərində yaşamayan şəxslərə seçki bülletenləri verilir və onların səs verməsinə şərait yaradılır.

Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrindən verilən məlumata görə, onlar səhər 123 saylı Kəlbəcər seçki dairəsinin 95 saylı seçki məntəqəsində səs verib qayıtdıqdan sonra 33 saylı Xətai birinci seçki dairəsinin ərazisində olan 128 saylı məktəbdə yerləşən seçki məntəqəsindən onlara zəng edərək həmin məntəqə səs verməli olduqları bildirilib və məktəbə getmələri istənilib. Etiraz etdikdə "sizin uşaqlarınız bu məktəbdə oxuyur, əgər seçkiyə gəlməsəniz uşaqlarınız üçün problem yaradılacaq” deyilib. "Məktəbə getmək məcburiyyətində qaldıq, ora gedərkən bizim hər birimizə 2 seçki bülleteni verib, onları seçki qutusuna salınmasını tələb etdilər.  Bir saat sonra yenidən seçki məntəqəsindən zəng edib, təkrarən həmin seçki məntəqəsində səs verməyimizi təkidlə xahiş ediblər”.

71 saylı Masallı kənd seçki dairəsindən Müsavat Partiyasının respublika üzrə müşahidəçilərinin verdiyi məlumata görə, bu seçki dairəsinin 36 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının üzvləri Məhərrəm Abuzərov və Təhməsib Muxtarov müşahidəçilərin gözü qarşısında topa şəklində seçki bülletenlərini seçki qutularına atıblar. Müşahidəçilərin iradına isə əhəmiyyət vermirlər.

Bu seçki dairəsinin 19 və 21 saylı seçki məntəqələrində Boradigah qəsəbə icra nümayəndəsi Əkbər Cəfərovun oğlu "karusel” əməliyyatına rəhbərlik edir və özü şəxsən topa şəklində seçki bülletenlərini müşahidəçilərin gözü qarşısında seçki qutularına atıb.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Vəfa Abbasovanın verdiyi məlumata görə, 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 19, 20, 21, 23 və 24 saylı seçki məntəqələrində səsverməyə gələn seçicilərin sayı çox aşağıdır. Bu səbəbdən də məntəqə seçki komissiyasının üzvləri müşahidəçilərin gözü qarşısında evlərə zəng edərək, seçiciləri səsverməyə cəlb edirlər. Seçki məntəqələrində olan müşahidəçilər isə əsasən YAP-ın və hakimiyyətin dəstəklədiyi namizədin müşahidəçilərindən ibarətdir.

37 saylı Nizami (Gəncə) seçki dairəsinin 7 və 8 saylı seçki məntəqələrinə qeydiyyatından asılı olmayaraq seçicilər "20-AA-016” dövlət nömrə-nişanlı "Mersedes” markalı maşınla daşınır. Saat 13.00 radələrinə kimi hər iki məntəqəyə 50-55 nəfər gətirilib. Gətirilənlər hər iki seçki məntəqəsində səs verirlər.


Вернуться назад