Главная > Yazarlar > Ölkəni necə bütövləşdirməliyik?- Etnik, milli düşüncədən Vahid Dövlət fəlsəfəsinə
Ölkəni necə bütövləşdirməliyik?- Etnik, milli düşüncədən Vahid Dövlət fəlsəfəsinə5-11-2018, 18:11. |
RÜFƏT MURADLI Biz ölkəni necə bütövləşdirməliyik? - Etnik, milli düşüncədən Vahid dövlət fəlsəfəsinə Nədir bütövləşmə? Vahid Dövlət fəlsəfəsi anlayışı hansı şəkildə xarakterizə olunur? Etnik, milli fərqliliklər Vahid Dövlət fəlsəfəsi baxımından necə dəyərləndirilməlidir? Yəqin inkar etmərik ki, mövcud reallığımızda bu suallar əksəriyyətimiz üçün hələ də düşündürücü olaraq qalır. Ona görə bu mövzuya müraciət etməyi vacib bildik və yazıda da əsasən bu suallara cavab tapmağa çalışacağıq. Gələn 2019-cu ildə Azərbaycanda əhalinin siyahıya
alınması həyata keçiriləcək. Ən son siyahıyaalma isə 2009-cu ildə baş
tutub. Həmin il aprel ayının 13-dən 22-dək ölkədə həyata keçirilən
siyahıyaalınma zamanı sorğu olunan hər bir şəxs milliyyətini və ana dilini özü
müəyyən edib. Uşaqların milliyyəti və ana dili valideynlərin dediklərinə əsasən
yazılıb. Beləliklə, Azərbaycanda əhalinin milli tərkibi ilə bağlı ən son rəsmi
məlumat belə olub:”Azərbaycanlılar ( bundan sonra Azərbaycan türkləri ya türklər
kimi yazılacaq) - 8 milyon 172 min 800 nəfər ( 91%); ləzgilər - 180 min 300 nəfər
(2%); ermənilər - 120 min 300 nəfər(1,3%); ruslar - 119 min 300 nəfər (1,3%);
talışlar- 112 min nəfər (1,3%); avarlar - 49 min 800 nəfər(0,6%); türklər - 38
min nəfər( 0,4%); tatarlar- 25 min 900 nəfər (0,3%);tatlar- 25 min 200 nəfər(
0,3%); ukraynalılar - 21 min 500 nəfər(0,3%); saxurlar-12 min 300 nəfər(0,1%);
gürcülər- 9 min 900 nəfər (0,1%);yəhudilər- 9 min 100 nəfər( 0,1%); kürdlər - 6
min 100 nəfər (0,1%); qrızlar - 4 min 400 nəfər( 0,04%); udinlər - 3 min 800 nəfər
(0,04%); xınalıqlar - 2 min 200 nəfər(0,02%); digər millətlər - 9 min 500 nəfər(0,1%). Yuxarıda Dövlət statistika Komitəsinin məlumatını qeyd edərkən azərbaycanlılar ifadəsinin bundan sonra Azərbaycan türkləri kimi yazılacağına işarə etdim. Əslində bu "işarə” elə vaxtilə ölkəmizdə etnik müstəvidə yaşanmış və hazırda da ara sıra eşidilməkdə olan bəzi anlaşılmazlıqların mənbəyinə işarə edir. Çünki, 1995-ci ildə ölkəmizin Əsas qanununda Azərbaycan Respublikasında əhalinin 90 faizdən artığını təşkil edən türkləri "azərbaycanlı” adlandırmaq kökündən yanlış addım oldu. Şübhə yoxdur ki, bu addımın arxasında müəyyən siyasi niyyət və hədəflərin olması istisna deyildi. Amma etiraf edək ki, həmin niyyət və hədəflər bu gün toplumda özünü nisbətən gizli biruzə verən milli sorunların dərinləşməsinə rəvac verdi. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi əksəriyyəti özündə ehtiva edən türklərin də öz adı ilə çağırılması onların təbii haqqı sayılmalıdır. Halbuki görünən real tabloya əsaslanıb deyə bilərik ki, bu ölkədə 1995-ci ildən üzü bəri ən çox milli haqqı tapdanan elə Azərbaycan türkləri olmuşdur. Öz adı ilə çağırılmamaq kimi bir faciəni yaşayaraq. Elə isə türklərin bu problemi yaşadıqları təqdirdə azsaylı xalqların bəzi nümayəndələrinin etnik milli ayrıseçkilik haqqında səsləndirdikləri bəyanatlar nə dərəcədə haqlı və adekvatdır?! Yəqin kimsə dana bilməz ki, Sovetlər dönəmində qabardılmayan azsaylı xalqlar problemi məhz SSRİ-nin çöküşü ilə aktiv fazaya keçdi. Ayrı ayrı postsovet respublikalarında separatçı hərəkatların baş qaldırması bilavasitə Sovet İttifaqının saxta beynəlmiləlçi ideyalarının puçluğunu ortaya qoymaqla yanaşı yenicə ayaq tutmağa çalışan dövlətlərin də birbaşa Kremldən asılılığını saxlamaqda mühüm amil oldu. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya kimi separatçı rejimlərin formalaşması prosesi bu iddianı təsdiq edir. Şübhəsiz öncədən həmin rejimlərin əhalisində də müstəqil dövlət yaratma meylləri cücərdilmişdi. Amma etnik milli separatçılıq gerçəkdən müstəqil dövlət yaratmağa nə dərəcədə kömək edə bilər? Dünya təcrübəsi, özəlliklə biz də daxil olmaqla çağdaş dönəmdə məntəqəmizdə baş verənlər etnik milli düşüncə ilə hər hansı müstəqil dövlətin formalaşması iddiasını təkzib edir. Elə isə bugünkü Dağlıq Qarabağa, Abxaziyaya müstəqil dövlət deyə bilərikmi? O rejimlərin dövlət olaraq rəsmən tanınması mümkündürmü? Sivil dünyanın öz sərhədlərini açmağa, genişləndirməyə doğru getdiyi bir dönəmdə yenidən dünya xəritəsində cırtdan dövlətlərin yaranması məqbul sayıla bilərmi?! Yəqin opponentlər haqlı olaraq ötən onilliklərdə Balkanlarda baş verənləri xatırlatmaqla bu fikirlə razılaşmaya bilərlər. Düşünürəm ki, Balkanlardakı qanlı olayların üstündə iki onillik keçəndən sonra bu gün çağdaş dünya düzəni İspaniyada katalonlara, Böyük Britaniyada şotlandlara yeni dövlət qurumu yaratmaq üçün yaşıl işıq göstərmirsə, demək,bizim coğrafiyada da analoji halların baş verməsində maraqlı deyil. Orta Şərqdəki proseslər isə fərqli kontekstdən dəyərləndirilə bilər. Nə qədər səmimi ya qeyri səmimi səslənsə də sivil dünya üçün demokratikləşmə əsas prioritetlərdən biri kimi göstərilir. Düşünürəm ki, burada demokratikləşmə baxışı ilə də milli məsələyə nəzər salmaq maraqlı olar. Çünki bizim ölkəmizdə də milli azlıqlara mənsub olan, bəlkə də olmayan bəzi ünsürlər məhz insan haqlarının tapdanması bəhanəsilə separatçı düşüncələri yaymağa çalışıblar. Bu tendensiya bu gün də istisna deyil. Vaxtilə beynəlxalq təşkilatlar belə milli-etnik qrupların hüquqlarının pozulması haqqında bəyanat səsləndiriblər. Amma ortada inkarolunmaz bir fakt var – ölkəmizdə milli zəmində münaqişə ocağının yaranması üçün ciddi narahatlıq doğuran səbəblər yoxdur. Amma bu da faktdır ki, Azərbaycanda milli-etnik zəmində problemlər yaratmağa cəhd edən agentura şəbəkəsi və qonşu dövlətlərin xüsusi xidmət orqanları var. Bunu nə qədər gizlətmək istəsək də, həqiqəti dana bilmərik. Ancaq kimsəyə sirr deyil ki, Azərbaycanda milliyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, ayrı-ayrı vətəndaşların haqları məmurlar tərəfindən tapdanır, lakin bu hüquq pozmaları heç bir halda hər hansı bir milli mənsubyyətə dörə deyil, idarəetmənin mahiyyətindən irəli gəlir. Azərbaycan vətəndaşı olaraq, Tovuzda və Lerikdə yaşayan bütün əhalinin problemləri eynidir. Bu problemlərin həll olunmaması bu ərazidə türklərin, digərində isə talışların ya ləzgilərin yaşaması ilə bağlı deyil. Bəs dövlət bu yöndəki problemləri aradan qaldırmaq üçün nə etməlidir? Yuxarıda da qeyd etdik ki, Azərbaycanın mövcud Konstitusiyası hər kəsə öz milliyətini ifadə etmək hüququ verir. Çox təəssüf ki, yalnız Azərbaycan türklərinin hüquqları Anayasada tətbiq edilməyib. Azərbaycan türklərinin "azərbaycanlı” adlandırılması bu yöndə bir sıra problemlər yaradır. Sovet dönəmində talış, ləzgi, türk, avar, bir sözlə hamı azərbaycanlı kimi göstərilirdi. Bu gün separatçılar və bəzi milli-etnik qrupların nümayəndələri iddia edirlər ki, müxtəlif bölgələrdə yaşayan azsaylılar sənədlərdə "azərbaycanlı” kimi göstərilib. Guya bu gün də bu proses davam edir. Bu faktla da onlar öz sayları barədə şişirdilmiş rəqəmlər təqdim edirlər. Bunun qarşısını almaq və həqiqəti üzə çıxarmaq üçün hər bir millətə adını sərbəst göstərməyə şərait yaradılmalıdır. O cümlədən, Azərbaycanın mövcud Konstitusiyasına dəyişiklik edilərək, dövlət dili Azərbaycan dili yox, "Azərbaycan-Türk dili”, millətin adı isə "Azərbaycan türkü (və ya türk)” kimi göstərilməlidir. Əhali siyahiya alınarkən hər kəsin milli mənsubiyyəti haqqında ictimaiyyət dəqiq məlumatlandırılmalıdır. O zaman heç kəs iddia edə bilməyəcək ki, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər əhalisinin əksəriyyətini kürdlər, Quba, Şabran, Xaçmaz, Qusar rayonlarının əhalisinin böyük çoxluğunu ləzgilər, qrızlar, tatlar, Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Yardımlının isə əksəriyyətini talışlar təşkil edir. Yalnız bundan sonra Azərbaycanın əhalisinin milli tərkibi barədə obyektiv informasiya əldə etmək olar. ÜMİD Partiyası olaraq həm də düşünürük ki, Azərbaycanda yaşayan bütün azsaylı xalqların nümayəndələri üçün orta məktəblərdə 6-cı sinifə qədər öz ana dillərində təhsil alma imkanları yaradılmalıdır. Bununla bağlı ölkənin Təhsil Nəzirliyi müvafiq dərslikləri hazırlayb azsaylı xalqların kompakt yaşadığı bölgələri təmin etməlidir. Azərbaycanda ədalətli məhkəmə, demokratik sistem mövcud deyil. Ona görə də kimin haqlı, kimin haqsız olduğu bilinmir. Azərbaycanda ədalətli məhkəmə sistemi fəaliyyət göstərsə, siyasi məhbus məsələsi həll olunsa, insanlar baxışlarına görə deyil, cinayətlərinə görə ittiham olunsa, bu kimi probelemlər dərhal aradan qalxar. Məhkəmə sistemi o qədər sifarişlə qərarlar qəbul edir ki, hətta onun haqlı hökmü də şübhə doğurur. Ona görə də cəmiyyət demokratikləşməli, hakimiyyət bölgüsü dəqiq həyata keçirilməli, azad cəmiyyət qurulmalıdır. Məhkəmənin azad olduğu və qərəzsiz hökm çıxardığı ölkədə kimsə separatçılığı dəstəkləməz. Dövlət Milli Təhlükəsizlik Doktrinası qəbul etməli, bu sənəddə dövlətin müdafiəsi üçün bütün incəliklər nəzərə alınmalıdır. Bu gün Azərbaycanda milli etnik münaqişələr yoxdur, lakin cəmiyyətin qeyri-demokratikliyi, azad, demokratik seçkilərin keçirilməməsi, insan haqlarının pozulması, sosial ədalət prinsipinin gözlənilməməsi, yeni milli-etnik münaqişələrə rəvac vermək istəyənlərə, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının əlinə münbit imkanlar vermiş olur. Bir daha təkrarlayırıq ki, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları bu məsələdə çox maraqlıdır. Bütün bunları nəzərə alaraq, demokratik cəmiyyət quruculuğunda köklü və əsaslı addımlar atılmalı – dilindən, dinindən, irqindən asılı olmayaraq, vətənə sədaqət kimi Konstitusiya maddəsinə əməl etməyi hamıdan tələb etməliyik. Qeyri-demokratik, ədalət prinsipinin olmadığı cəmiyyətdə cinayətkar belə haqlı görünür. Bütün bunlara hamının haqqını tanımaqla və hamıdan Azərbaycan dövlətinin vahidlik prinsipinə əməl etməyi tələb etməklə son qoymaq olar.
Вернуться назад |