Главная > Mənəviyyat > Dərman təkcə şəfa yox, ölüm də gətirir

Dərman təkcə şəfa yox, ölüm də gətirir


22-02-2016, 00:35.

B57A7B88-B18B-41AA-ACE4-FA9505F708E2_w268_r1

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 100 milyonlarla insan saxta dərmanların qurbanı olur. Avropa Birliyinin təşəbbüsü ilə 2016-cı il yanvarın 1-dən dərman vasitələrinin saxtalaşdırılması ilə bağlı cinayətlərlə mübarizə üçün «Medikrim» Beynəlxalq Konvensiya yaradılıb.

Saxta dərmanların istifadəsi sağlamlıq, bəzən də həyat üçün çox böyük riskdir. Belə dərmanların tərkibində çox və ya az dərəcədə zəhərli maddələr ola bilir. ÜST ekspertlərinin fikrincə, keyfiyyətli dərmanlardan istifadə olunsaydı, hər il malyariyadan ölən bir milyondan çox insanın 200 minini qurtarmaq olardı.

SAXTA DƏRMAN BİZNESİ HEROİN TİCARƏTİNİ BELƏ ÜSTƏLƏYİR

Fransanın dərman qaçaqmalçılığı ilə bağlı araşdırmalar aparan institutunun məlumatına görə, heroin və ya saxta pul dövriyyəsinə qoyulan hər min dollar 20 min qazanc gətirirsə, saxta dərman istehsalında bu 200-450 min dollar gəlir deməkdir.

Bir çox ölkələrdə saxta dərman istehsalına görə verilən cəza saxta DVD və ya çanta istehsalçılarına verilən cəza ilə eynidir. Bəzənsə saxta dərman istehsalçılarının cəzası heroin və ya kokain satanlardan daha yüngül olur.

Dərman qaçaqmalçılığından həm kasıb, həm də inkişaf etmiş ölkələr əziyyət çəkir.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkənin əczaçılıq sənayesində saxta dərmanların payı 0.8 faizdir.

AZƏRBAYCANDA SAXTA DƏRMAN İSTEHSALI

Saxta və qaçaqmalçılıqla gətirilən dərmanlarla bağlı Azərbaycan mətbuatında da ara-sıra xəbərlər verilir. Bir neçə il öncə Milli Təhlükəsizlik Nazirliyi Lənkəran, Ağsu və Göyçayda saxta dərman istehsal edən sexlər aşkarlamışdı.

Ötən ilin sonlarında «Alfa med» şirkətinin anbarındakı yoxlamalarda gömrük bəyannaməsi olmayan, qaçaq yolla gətirilən preparatların aşkarlandığı bildirildi. O vaxtdan şirkətin iki əməkdaşına qarşı istintaq araşdırması aparılır.

Son bir həftədə isə Azərbaycan sərhədində iki belə qanunsuz cəhdin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə 12 bağlamada 90 adda 44 min 374 ədəd müxtəlif dərman preparatı keçirənlər saxlanıb. «Virtualaz» saytı Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük məntəqəsində «Mercedes» markalı avtomobildə də qaçaq yolla keçirilən dərman vasitələri müsadirə olunduğunu xəbər verib.

2015-ci ilin statistikasına görə, Azərbaycanda əczaçılıq məhsullarının satış dövriyyəsi 700 milyon manat civarındadır. Bu dövriyyədə qaçaq yolla gətirilən və saxta dərmanların payı haqqında Səhiyyə Nazirliyində məlumat yoxdur.

azadliq.org



Вернуться назад