Главная > Ədəbiyyat > Şair xalq

Şair xalq


8-10-2018, 23:27.

             Şair xalq


   Vaxtilə rus yazarı Nikolay Tixonov deyib ki, guya biz şair xalqıq. Mən hesab edirəm ki, şair xalq olmağımız barədə yalan söz deyiblər. Əslində, biz şair xalq deyilik. Şair olsaydıq, kitab oxuyardıq, teatra tamaşa edərdik, incəsənət inkişaf edib ucqar kəndlərimizəcən gedib çıxardı. Vəziyyət isə tam başqa cürdür. Kənd və şəhərlərimizdə düz-əməlli klub binası da yoxdur. Kitab oxumadığımızı isə indi Feysbuk vasitəsilə daha dəqiq müəyyən etmək olur. Mən əminliklə deyə bilərəm ki, həmin Feysbukda toplaşanların çoxu şöhrət naminə öz yazısını paylaşır. Heç şairlər bir-birinin yazdıqlarını da mütaliə etməyib süni olaraq "layk” edirlər. Deməli ədəbiyyata ürəklə bağlanan adamlar barmaqla sayılacaq qədər azdır. Sovet dövrü şairlərindən də indiyə bir şey qalmadı. Elə şair və yazıçılarımız oldu ki, yerli-dibli itib-batdılar. O sözü rus şairi, ola bilsin, xoş ovqat yaratmaq üçün, kompliment kimi deyib. Yoxsa onun nəyinə lazımdır, Azərbaycanda nə ilə məşğul olurlar?! Ya da cənab Tixonov bu sözü doğrudan-doğruya AYB üzvlərini nəzərdə tutub deməyib. Buranın insanlarının xoş sözdən, tərifdən xoşu gəldiyindən deyib. Həqiqətən də, bizim cəmiyyətdə tənqid etmək üstündə adamlar bir-birilə düşmən, tərif etdikdə dost olurlar. Bu, məlum məsələdir.
   Keçək yazıçılar birliyinin üzvlərinin sayı məsələsinə. Əslində, Azərbaycan Respublikasında yazıçı və şairlərin sayı çox deyil. Məsələn, lap hesab edək ki, bizdə üç min şair var. On milyonun içində üç min xırda bir rəqəmdir, sıfır tam yüzdə üç faiz edir. Əgər Feysbukun rus bölməsinə daxil olub baxsaq, görərik ki, onlarda da şeir yazıb-paylaşmaq insanların başlıca məşğuliyyəti olubdur. Onda bəs niyə keçmişdə təsadüfən bir adamın ağzından çıxan bir kəlmə sözə inanıb hələ də özümüzü şair adlandırırıq? Məsələnin kökü dərin məqamlara gedib çıxır.
    Tarix boyu güclü cəmiyyətlər özgə zəif toplumlara üstün gəlməkdən ötrü cürbəcür üsullar axtarıb tapıblar. Məsələn, insanların döyüşkənlik qabiliyyətini zəiflətmək üçün onları rəqsə, şouya, ağı və ya gözəlləmə deməyə alışdırıblar. Görünür, bizim də aqibətimizdə belə müşküllər olub deyə, yenə də işğal olunmuş torpağı geri alandan sonra gedib orda konsert verməkdən, bayram keçirməkdən pafosla danışırıq. Məsələn, Şuşanı düşməndən azad edəndən sonra elliklə yığılıb gedib orda tikinti işlərində iştirak etməkdən söz açmaq daha dəqiq və etik olar. Ancaq bizim qafamızdakı elə təkcə kabab qonaqlığı, çalıb-oynamaqdır. Mən bu fikirdəyəm ki, o vaxt rus emissarları başqa müttəfiq ölkələrə də gedib buna oxşar söhbətlər etməmiş deyillər. Tutaq ki, ləzgiyə demək olar ki, ondan yaxşı rəqs edən yer üzündə yoxdur. Rus deməz ki, ləzgilər döyüşkən xalqdır. Ona sərf etməyən sözü deməz. Hər kəsin zəif yerlərini tapıb ağlını qarışdırmaq mümkündür. Beləcə, birinə şair, digərinə nağılbaz, bəstəçi, aşıq və s. ayama qoşmaq çətin deyil. Nəticədə güclü dövlət zəif xalqları uzun müddət öz tabeçiliyində itaətkarlıqla saxlamağa nail olur.
   Bunlar da heç. İndi nə sovet dövləti var, nə də müstəqil ölkəmizdə şairə, yazıçıya qiymət verən var. Onda bəs şairlik üstündə bu qədər bəhsəbəhs nədəndir? Çap etdirdiyi şeirdən, məqalədən bir qəpik gəlir əldə etməyən insanların şeirə bu qədər axışmasının səbəbi nədir? Biz axı şair xalq deyilik. Məsələn, deyə bilərik ki, torpağı, oğul və qızları erməni girovluğunda olan xalqıq, sərvətləri dağıdılan, milli qüruru şəxsi istək və mənafelərə qurban edilən xalqıq və s. Qeyd etdiyim kimi, çalıb-çağırmaqda da əndazədən kənara çıxırıq. Beynəlxalq mahnı müsabiqələrindəki qalibiyyətlərdən danışanda da həddini aşan bizik. Deməli, yenə də hələ sümüyü bərkiməyən indi müstəqil dediyimiz köhnə sovet respublikalarında sistemli iş aparanlar var. Onlara bizim "şair xalq” olmağımız lazımdır. Tixonovun bizi "şair xalq” adlandırması da o zamankı böyük dövlətin siyasət və planlarının yerlərdə uğurla həyata keçirilməsinin nəticəsidir.

Zakir Məmməd, şair-publisist


Uluyol.az

 


Вернуться назад