Главная > Mənəviyyat / Kriminal > Azərbaycan çempionu güllələndi

Azərbaycan çempionu güllələndi


21-02-2016, 17:20.

Azərbaycan çempionu güllələndi

Onun ölümü ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Ötən gün axşam saatlarında Gəncə şəhərində güllələnərək qətlə yetirilən şəhər sakini Elmir Cəlilov barədə bəzi təfərrüatlar məlum olub. ANS PRESS-in məlumatına görə, öldürülən 1984-cü il təvəllüdlü E. Cəlilov öz avtomobilində güllələnib. 

O, Azərbaycan Kikboksinq Federasiyasının üzvü və iki qat Azərbaycan çempionu olub. Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev də özünün "facebook”  səhifəsində məlumat verib.

Federasiya prezidenti qeyd edib ki, "kikboks ailəsinə böyük itki üz verib. Azərbaycan Kikboksinq Federasiyasının üzvü, ikiqat Azərbaycan çempionu Elmir Cəlilov dünyasını dəyişib. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

 

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, qətl hadisəsi ilə bağlı hələlik saxlanan yoxdur. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Qətl hadisəsi ötən gecə Gəncədə Əttarlar küçəsində, "Kəpəz" otelinin qarşısında qeydə alınıb. Təxminən saat 23:30 radələrində 32 yaşlı şəhər sakini Elmir Cəlilov odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Dərhal cərahiyyə şöbəsinə yerləşdirilən şəxs orada dünyasını dəyişib. E.Cəlilovun 2 uşaq atası olduğu bildirilir.

 


Вернуться назад