Главная > Sosial > İşləmək baxımından insan heyvanların ən bədbəxtidir

İşləmək baxımından insan heyvanların ən bədbəxtidir


27-08-2018, 17:18.

                  İşləmək baxımından insan heyvanların ən bədbəxtidir 

 

İşsiz günlərimdə belə bir şey yazmağım bilmirəm nə dərəcədə doğrudur. Amma hər halda mənə elə gəlir ki, işləmək insanın təbiətinə ziddir.İnsan ömür boyu çalışmaqla yalnız ona verilmiş bu unikal həyatı-ərmağanı boşa xərcləməkdədir.Kant deyir ki, insan işləməyə məcbur olan yeganə heyvandır.

İnsan doğulur, böyüyür, yetkinlik yaşına çatandan sonra isə (bəzən daha tez) zor-xoş iş həyatına atılır. Bir də gözünü onda açır ki, ömrü bankda kassirlik eləməklə, neçə nömrəlisə avtobusun sükanı arxasında şoferlik eləməklə, məktəb lövhəsi qarşısında dərs deməklə, əlində jezl yol qırağında dayanıb qaydaları pozan avtomobilləri saxlamaqla və sair və ilaxırla keçib, "səhər naxıra, axşam axura” prinsipi ilə xərclənib gedib (Bu hissləri Dino Buzzati "Tatar çölü” romanında çox aydın verib. Arzulayanlar tapıb oxuya bilərlər, Azərbaycan dilində nəşr olunub).

Böyük bir ömür kimin üçünsə, nə üçünsə robot kimi işləməyə həsr olunub, vəssəlam. Nə həyatdan kam ala bilmisən, nə də günlərini doya-doya yaşamısan.

İnkişaf etmiş ölkələrdə yenə bunun bir kompensasiyası mövcuddur, pensiyaya çıxanlar qalan ömürlərini səyahətə xərcləyib cavanlıqlarının heyfini alırlar. Aydın məsələdir ki, buna pensiyaları da imkan verir. Bizim kimi ölkələrdə isə elə əvvəldən-axıra kimi işlə ki, işləyəsən. Nə işləyən vaxtı normal şərtlərlə çalışırsan, nə də pensiyaya çıxandan sonra könül dolusu müavinət ala bilirsən. Mətləbdən uzaqlaşsaq da bir məlumatı paylaşmaq istərdim. Yaponiya yaşayış çox bahalı olduğuna görə yaponlar pensiyaya çıxan kimi ölkədə qalmayıb səyahət etməyə üstünlük verirlər. Çünki kartlarına oturan pensiya ilə dünyanın istənilən yerində şah kimi dolana bilərlər, buna görə də turistlər arasında yapon pensionerlər görəndə təəccüblənməmək lazım.

Böyük bir ömür kimin üçünsə, nə üçünsə robot kimi işləməyə həsr olunub, vəssəlam

Bəli, təbiətə nəzər yetirdikdə görərik ki, heç bir heyvan işləmir. Ən azından təbiətdə hər gün səhər saat yeddidə yuvadan çıxıb axşam altıda yuvaya qayıdan tülkü yoxdur, heç çaqqal da yoxdur. Ancaq dünyanın harasına baxsaq insanların bu cür həyat yaşadıqlarını görərik, mən hələ ağır iş şəraitində çalışıb günün əsas hissəsini (12-14 saat) işləməyə xərcləyən insanları demirəm.

İşləmək baxımından insan heyvanların ən bədbəxtidir. Heyvanlar işləmirlər, işləyirlərsə də bunu məcburiyyətdən eləmirlər, bu onların təbiətindədir, həyatlarının bir hissəsidir, dolayısı ilə elədiklərindən həzz alırlar. Və heyvanların bu fəaliyyətini əgər iş adlandırmaq mümkündürsə onlar bu işi sevə-sevə yerinə yetirirlər, çünki həyatlarının əhəmiyyətli hissəsini əllərindən alınmır, ömürləri fabrik qudokları arasında keçmir.

 

İş(sizlik) haqqında esse - Xüsusi olaraq PİA.az üçün

Mirmehdi Ağaoğlu


Вернуться назад