Главная > Türk Dünyası > Orta Asiya türkləri Bakı haqda görün nə düşünür...

Orta Asiya türkləri Bakı haqda görün nə düşünür...


26-08-2018, 15:52.

                        Orta Asiya türkləri Bakı haqda görün nə düşünür...

 

Türk dünyası ölkələri Azərbaycanı Türkiyədən azı "3-5 köynək” daha yaxın sayırlar. Birgə sovet keçmişimiz və rus dili bizi etnik mənsubiyyətdən daha çox birləşdirən dəyərə çevrilib.

Kult.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu ayın əvvəllərində Türkiyədə istirahətdə idi:

"Qaldığımız oteldə çoxlu sayda qazax, qırğız, özbək, hətta bir türkmən ailəsi də var idi. Tətil müddətində həmin insanlarla çoxsaylı söhbətlərim oldu. Demək olar ki, hər axşam özləri məni axtarıb tapıb söhbət eləməyə dəvət edirdilər. Onlar Azərbaycana həsrətlə baxır, bizi Avropa ölkəsi sayır, Bakını Parisə bənzədirlər. Onlardan mənim heç tanımadığım Azərbaycan müğənniləri haqqında məlumatlar aldım, bizim musiqini necə sevdiklərinin şahidi oldum. Sonra onların adlarını çəkdikləri müğənnilərin internetdə videolarına baxdım və dəhşətə gəldim - 10 milyonlarla baxış var idi. Həmin müğənnilər Azərbaycandan daha çox Özbəkistanda, Qazaxstanda, Qırğızıstanda populyar olduğu faktı baxış sayının çox olmasına səbəb olurmuş".

Ekspert vurğulayıb ki, bizdə müxalifətin, siyasi partiyaların, azad medianın olması faktı da onlarda simpatiya doğurub:

"Amma mədəniyyətə, yeməklərimizə, Avropaya daha yaxın olmağımıza həsrətlə və qibtə ilə baxmaları daha çox nəzərimi cəlb etdi. Azərbaycan bu anlamda böyük bir məsuliyyət daşıyır, Orta Asiya dövlətlətlərində mədəni üstünlüyümüzü siyasi və rifah üstünlüyünə çevirmək, o ölkələr üçün örnək və mayak olmaq boynumuzun borcudur. Məhz buna görə də biz demokratik rifah dövləti qurub örnək olmalıyıq ki, onlar da bizim arxamızca gəlsin. Bu həm də ciddi bir bazara bizim üzərimizdən çıxış, böyük maddi gəlir, iqtisadi üstünlük deməkdir. Biz bu şansı qaçırsaq, onları arxamızca apara bilməsək, tarixi səhv etmiş olacağıq".

Ekspert qeyd edib ki, onlarla orada rus dilində də danışıblar:

"Hətta yarızarafat onlara dedim ki, belə çıxır ki, ən böyük türk dillərindən biri elə rus dilidir və bu anlamda rus dilinin bizdə öyrənilməsinin davam etdirilməsi çox vacibdir. Ortaq türk dili yaranana və inkişaf edənə qədər bizim mədəni və siyasi örnəyimiz Orta Asiyaya rus dili üzərindən yayılacaq".

 


Вернуться назад