Главная > Dünya > Zəlzələdən telefonlar xəbər verəcək

Zəlzələdən telefonlar xəbər verəcək


16-02-2016, 23:02.

Seysmoloq-alimlər və mobil proqram istehsalçıları smartfonu şəxsi zəlzələ detektoruna çevirən proqram hazırlayıblar. Uluyol.info-nun Dövlət Radiotezliklər İdarəsinin saytına istinadən verdiyi məlumata görə, "Android" əməliyyat sistemi üçün hazırlanmış "MyShake” proqramı smartfonun akselerometri vasitəsilə yaxınlıqda baş verən seysmik hadisələri təhlil edərək real vaxt rejimində zəlzələnin maqnitudunu qiymətləndirir, əldə olunan məlumatları isə seysmoloqların analiz etməsi üçün mərkəzi məlumat bazasına göndərir.

Alimlərin fikrincə, gələcəkdə bu proqram inkişaf etmiş istifadəçi şəbəkəsinin köməyi ilə erkən xəbərdarlıq sistemi kimi də istifadə edilə bilər. Məlum olduğu kimi, dünya üzrə yayılan seysmik şəbəkələr zəlzələləri aşkar edərək əldə olunan məlumatları alimlərə ötürür. Bu da öz növbəsində, alimlərə Yer kürəsində daim baş verən geoloji proseslər nəticəsində yaranan seysmik təkanların qlobal təsvirini yaratmağa köməklik edir. Lakin seysmik şəbəkənin sıx olmadığı rayonlarda baş verən seysmik hadisələrin izlənərək qeydə alınmasında çətinlik yaranır.

Layihənin rəhbəri, Kaliforniyanın Berkli seysmoloji laboratoriyasının direktoru Riçard Allenin sözlərinə görə, bu boşluqları öz smartfonları ilə "mülki alimlər” doldura bilərlər. Sözügedən proqram smartfonun akselerometrinin köməyilə zəlzələ dalğalarını gündəlik həyatda baş verən digər titrəyişlərdən fərqləndirmək bacarığına malikdir.

Aclp.ru saytının məlumatına əsasən, "MyShake” zəlzələni aşkar etdiyi zaman dərhal emal mərkəzinə həyəcan siqnalı göndərir. Hazırda proqramın imkanları yalnız seysmik məlumatları toplamaq və mərkəzi serverə ötürməklə məhdudlaşır. Proqramın növbəti versiyalarında isə zəlzələ haqqında xəbərdarlığın istifadəçilərə göndərilməsi nəzərdə tutulur


Вернуться назад