Tanınmış biznesmen AZAl-ı fırıldaqçılıqda ittiham
edib
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) onlayn
qaydada bilet alan bəzi sərnişinlər ciddi problemlərlə üzləşdiklərini bəyan
ediblər.
"APA-Economics"in məlumatına görə, bəzi sərnişinlər
sosial şəbəkələrdə qeyd ediblər ki, onlayn qaydada bilet alsalar da bəzən
texniki problemdən səfərlərini reallaşdıra bilmirlər. Azərbaycanın sığorta
bazarında tanınmış mütəxəssis, tanınmış biznesmen Xəyal Məmmədxanlı
"Facebook" sosial şəbəkəsində yazıb ki, onlayn qaydada Naxçıvana
bilet alsa da aviaşirkətdən asılı olan səbəblərə görə o, səfər edə bilməyib.
Onun sözlərinə görə, Naxçıvana uçuş vaxtını düzgün qeyd etsə də Bakıya uçuşun
tarixində texniki səhvə yol verib. Xəyal Məmmədxanlı bildirib ki, bu amil onun
Naxçıvana getməsinə mane olub və AZAL texniki səhvi nəzərə almayıb. Tanınmış
biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib.
"28 Mayda yerləşən kassada 90-cı illərdə olduğu kimi növbədə dayanmamaq
üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün saat 13:10-da J2
253-cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata
yaxınlaşdım, bileti təqdim etdim. Adımın sistemdə olmadığını dedilər. Kassaya
yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim ilk öncə Naxçıvandan
Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib.
Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Tutaq ki, mən Naxçıvandan
Bakıya uçuş tarixini səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, axı
Bakıdan Naxçıvana uçuş reysi ki, düz qeyd olunub. Mənə cavab verildi ki, siz
Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz. Bununla
da mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv
oldu. Elektron müraciət etdim, 25 % cərimə ilə biletin pulunu qaytaracaqlarını
dedilər", - deyə X.Məmmədxanlı vurğulayıb.
O, təyyarə biletinə görə AZAL-a ödədiyi pulun 33 gün ərzində geri
qaytarılmasını da düzgün saymadığını bəyan edib.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr
üzrə köməkçisi Paşa Kəsəmənski "APA-Economics"ə bildirib ki, problem
sərnişinin etdiyi səhvdən qaynaqlanır: "Bu, təkcə AZAL-ın qaydası deyil.
Əgər sərnişin bir tərəfə uçuşu həyata keçirməyibsə, avtomatik olaraq onun
qayıdışı da ləğv edilir. Bu, ikitərəfli biletlər üzrə dünyada qəbul olunmuş
qaydadır. AZAL beynəlxalq uçuşlar həyata keçirirsə, deməli onun qaydaları da
beynəlxalq səviyyədə olmalıdır. Bu, beynəlxalq qaydalardır və biz bir şirkət
olaraq onu tətbiq etməyə məcburuq. Bunu bizdən tələb edirlər".
Bəzi sərnişinlər onlayn qaydada alınan biletə görə hava limanında qeydiyyat
zamanı onlardan ödənişin aparıldığı plastik kartların tələb olunmasından da
şikayət edir. P.Kəsəmənski bu qaydanın da beynəlxalq tələblərə uyğun olduğunu
deyir: "Onlayn şəkildə bilet alınarkən plastik kartın tələb edilməsi məcburi
təhlükəsizlik qaydasıdır. Bu, kibertəhlükəsizlik baxımından bütün aviaşirkətlər
və onlayn satışla məşğul olan şirkətlər tərəfindən tətbiq edilir. Çünki,
plastik kart oğurlana bilər və bununla bilet almağa cəhd ola bilər. Bu, bütün
dünyada tətbiq olunan qaydadır. Əgər qeydiyyatdakı soyad və ad uyğun deyilsə,
tamamilə fərqlidirsə, onlar qeydiyyatda olan şəxsdən bu plastik kartın göstərilməsini
tələb edə bilər".
Вернуться назад
|