Главная > Dünya > ABŞ və Rusiyanın baş enerji rəsmilərinin görüşəcəyi gözlənilir

ABŞ və Rusiyanın baş enerji rəsmilərinin görüşəcəyi gözlənilir


24-06-2018, 09:30.

              ABŞ və Rusiyanın baş enerji rəsmilərinin görüşəcəyi gözlənilir

 

ABŞ-ın enerji katibi Rik Perri gələn həftə Vaşinqtonda Rusiyanın enerji naziri görüşəcək. Hər iki ölkə qlobal təbii qaz və xam neft bazarı uğrunda rəqabət aparırlar.

Verilən məlumata görə, Perri, Rusiyanın enerji naziri Aleksandr Novakla çərşənbə axşamı, Vaşinqtonda keçiriləcək Dünya Qaz Konfransı çərçivəsində görüşəcək.

Rusiya və Birləşmiş Ştatların baş enerji rəsmiləri arasında görüş, dünyanın iki nəhəng neft və qaz istehsalçıları arasında son illərdə nadir hallarda keçirilən görüşlərdən biri olacaq.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Moskva ilə Vaşinqton arasında münasibətlər sərinləyib. Bununla bərabər, Tramp administrasiyası Rusiya hökumətini son iki ildə ABŞ enerji sistemini hədəfə alan kiber hücumlar həyata keçirməkdə ittiham edir.

İki dövlət Avropada təbii qaz satışında rəqabət aparırlar. Rusiyanın Gazprom şirkəti Avropa İttifaqının ən böyük qaz təchizatçısıdır və bir neçə Qərb enerji şirkətləri Rusiya qazının Baltik Dənizi vasitəsilə Almaniyaya gətirəcək Şimal Axını 2 borusuna ümidlüdür.

Eyni zamanda Birləşmiş Ştatlar, Polşa və Litvaya təbii maye qaz satışına başlayıb. Lakin təbii maye qazının nəqli təbii qazın boru vasitəsilə nəqlindən daha bahalıdır.

Birləşmiş Ştatlar bildirir ki, təbii maye qazının üstünlükləri etibarlılıq və sabit qiymətdir.

ABŞ prezidenti Donald Tramp, sabiq prezident Barak Obama kimi Şimal Axını 2 qaz borusunun əleyhinədir. Vaşinqton inanır ki, bu boru Rusiyaya region üzərində daha çox güc qazanmaq imkanı verəcək.

Bu görüş ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonun Tramp və Rusiya prezidenti Vladimir Putinlə mümkün görüş haqqında müzakirə üçün növbəti həftə Rusiyaya səfər etdiyi bir ərəfədə baş tutur.

Perri və Novakın neft bazarı haqqında müzakirələr aparacağı ehtimal edilir. Cümə günü Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ölkələri Vyanda neft istehsalının kiçik həcmdə artırılması ilə bağlı qərar qəbul edib. Bu qərar, istehlaçıların neft qiymətlərinin azaldılması ilə bağlı çağırışlarından sonra verilib.

OPEC üzvü olmayan Rusiya, təşkilat ilə keçən ildən etibarən tarixində ilk dəfə əməkdaşlığa başlayıb. Lakin Moskva, neftin qlobal qiymətinin dəstəklənməsi üçün istehsalın artırılmasına tələsmir. Vyanada keçirilən OPEC görüşündən öncə Novak bildirib ki, Moskva neft istehsalını tədricən qaldırmaq niyyətindədir ("Amerikanın səsi").

 


Вернуться назад