Главная > Aktual > Məhkəmədə şahid AXCP sədrinin müavininin heç kimi vurmadığını bildirib

Məhkəmədə şahid AXCP sədrinin müavininin heç kimi vurmadığını bildirib


12-02-2016, 16:30.

Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sahid qismində Aqşin Haqverdiyev ifadə verib. O, ifadəsində Məmməd İbrahimlə münasibətlərinin pis olduğunu qeyd edib:

 

"Aramızda gərginlik olub həmişə. Amma buna baxmayaraq Məmməd heç kimi vurmayıb. Əksinə Mikayıl Quliyev onu həmişə sosial şəbəkədə təhqir edirdi. Dava zamanı Mikayılın yumruqları mənə dəyirdi".

 

Vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O bildirib ki, Mikayıl Quliyev barəsində tədbir görülsün. Vəsatət təmin edilməyib.

 

 

Hakim deyib ki bu məhkəməyə hörmətsizlikdi. Ona görə Yalçın İmanov barəsində vəkillər kollegiyasına müraciət olunsun.

 

Növbəti proses fevralın 19-na təyin edilib.

 

Qeyd edək ki, Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsiylə ittiham irəli sürülüb.

Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

 


Вернуться назад