Главная > Cəmiyyət > Qənirə Paşayeva vacib təkliflərlə çıxış edib

Qənirə Paşayeva vacib təkliflərlə çıxış edib


6-06-2018, 10:10.

Millət vəkili Qənirə Paşayeva MM-in Səhiyyə komitəsində"İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun və "Tibbi optika haqqında” qanun layihəsi ilə bağlı vacib təkliflərlə çıxış edib.

"İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklərin müzakirəsində çıxış edən millət vəkili Qənirə Paşayeva bir sıra vacib təkliflərlə çıxış edib. Bu sənədin qısa zamanda icrasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva yüzlərlə orqan köçürülməsinə ehtiyacı olan insanların üzləşdiyi ciddi problemlərə toxunub və bu problemlərin həlli bu sənədin qısa zamanda qəbul edilib icra edilməsindən keçir deyib. Cəmiyyətdə yüzlərlə xəstənin bu sənədinin qəbulunu gözlədiyini deyən millət vəkili Qənirə Paşayeva günlərin birində həmin xəstələrdən biri hamımız ola bilərik deyib və beyin ölümü keçirmiş insanlardan orqan və toxumaların orqan və toxuma köçürülməsinə ehtiyacı olan xəstələrə köçürülə bilməsi işinin sürətlənməsində sənəddə əhalinin geniş maarifləndirilməsi ilə bağlı hissəyə əlavə təkliflər irəli sürərək mətbuat və media qurumlarının da bu məsələdə üzərinə düşəcək öhdəliklərin yazılmasının vacibliyini xüsusi vurğulayıb: "Biz təbliğatı güclü şəkildə aparmalıyıq ki, insanlar hələ sağlığında beyin ölümü keçirəcəkləri təqdirdə onların orqan və toxumalarının başqalarını yaşatmasına razılıq verən qərarı qəbul etsinlər və bunu müvafiq qurumlara bildirsinlər. Eyni zamanda beyin ölümü keçirmiş xəstələrin ailə üzvlərinin də buna razılıq verməsi üçün təbliğat-maarifləndirmə işi geniş olmalıdır, bu sənəddə də bununla bağlı məsələlər öz əksini tapmalıdır, çünki dinimiz də bu məsələlərə müsbət yanaşır."

Millət vəkili Qənirə Paşayeva "Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı dinləmələrdə də çıxış edərək bir sıra mühüm təkliflər irəli sürüb. O bildirib ki, ölkəmizə gətirilən optik və gün eynəklərinin şüşələrinin, linzaların keyfiyyəti ilə bağlı məsələyə xüsusi diqqət yetirilməlidir: "Keyfiyyətsiz optik və gün eynəkləri, linzalar insanların gözlərində, görmə sistemində daha böyük problemlər yaradır, bunun qarşısını almaq üçüm ölkəmizə keyfiyyətsiz optik və gün eynəklərinin, linzalarının gətirilməsinin qarşısını almaq lazımdır." Keyfiyyətsiz eynəklərin, linzaların insanın görmə sisteminə vurduğu böyük zərərlərdən danışan millət vəkili Qənirə Paşayeva uşaqlara, özəlliklə gənclərə təyin olunan optik eynəklərin, linzaların və gün eynəklərinin keyfiyyətli olmasının vacibliyini xüsusi vurğulayıb və qanunun bir sıra müddəaları ilə bağlı təkliflərlə çıxış edib.

 

 


Вернуться назад