Sosial mənzillərin satışında vətəndaşlar aldadıldı:260
mənzil 1600 nəfərə satıldı
Mənzil İnşaat Dövlət Agentliyinin sosial mənzillərin
satışı ilə bağlı keçirdiyi hərracda yaşananlar Azərbaycanda güzəştli mənzil əldə
etmək istəyən yüzlərlə vətəndaşın ümidlərini boşa çıxartdı. Səbəb isə elektron
hökumət portalında yaranan problem və vətəndaşların bu sistemə çıxış imkanında
məhrum olması olub. Prosesdə min nəfərdən çox vətəndaş zərər çəkib. Həmin vətəndaşlar
bu gün adıçəkilən qurumun qarşısında toplaşaraq etirazlarını səsləndiriblər.
Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan
iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 260 mənzilin satıldığı hərracda
1600 vətəndaşa mənzil əldə etdiyi ilə bağlı bildiriş göndərilib:"Onlayn
qaydada şəffaf keçirilməsi nəzərdə tutulan, hər kəsin hüququnun identifikasiya
koduna uyğun olaraq təmin olunmasına zəmanət verilən, eyni zamanda bir neçə
dövlət qurumunun bir yerdə icra etdiyi layihə faktiki olaraq iflasa uğradı. 260
mənzilin hərraca çıxarılmasına baxmayaraq, bu mənzillər 1600 nəfərə yaxın
insana satılıb. Faktiki olaraq, 1325 nəfər sistem tərəfindən mənzil alması ilə
bağlı bildirişlə təmin olunub və bu insanlar iki gündür təsdiq etmək üçün gözləyirlər.
Əslində bu proses, 24 saat müddətində, mayın 8-də axşam saat 12-ə qədər baş
verməli idi. Ötən gün vətəndaşlar, o cümlədən mən özüm "ASAN Xidmət”də olmuşam.
Bizə bildiriblər ki, sadəcə texniki problem səbəbindən bu məsələni bu gün həll
edə bilmirik. Lakin ən qısa müddətdə təsdiq pəncərəsi açılacaq və siz bildirişlərinizi
təsdiq edə biləcəksiniz.
İndi məlum olur ki, bizə bu açıqlama verilən zaman həmin 260 mənzil artıq
satılıb və imzalarla təsdiqlənibmiş. Həmin mənzillər artıq qeydiyyata alınıb və
onlara giriş mümkün deyil. Qalan 1325 nəfər və sistemin xətaları ucbatından bu
prosesdən kənarda qalan 7 min nəfər insan da aldadılıb. Bu gün ortaya çıxan mənzərə
onu göstərir ki, bildiriş alan insanlar və bir gün ərzində mənzil problemini həll
etməsinə sevinənlər əslində boş bir xəyal qurublar. Mayın 8-də MİDA tərəfindən
açıqlama verildi ki, bu 1325 nəfərə verilmiş bildirişlər düzgün deyil və bu
insanların faktiki olaraq evi yoxdur. Problem budur və bu günə qədər MİDA-nın
mövcud reputasiyasına, bu qurumun şəffaflığı və ədalətliliyi ilə bağlı düşüncələri
məhv etdi. Artıq insanlarda bu sistemə inam qalmadı”.
R. Həsənovun sözlərinə görə, yaranmış vəziyyətdən
dolayı bir sıra insanlar haqlı olaraq düşünür ki, 260 mənzilin satışı qeyri-şəffaf
keçirilib və məhz bunun nəticəsində öz adamları üçün imza şəraiti yaradıblar:"
Digər insanlar üçün isə bu şərait yaradılmayıb. Mən bu düşüncəni dəstəkləmirəm
və hesab edirəm ki, problem Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
hazırladığı elektron hökumət platformasında baş verib. Bu qarışıqlığın içində
kimlərinsə şansı gətirib. Belə bir qarışıq situasiya yaranıb. Bu problemin
yeganə həli yolu qarşılıqlı kompromisdir. İnsanlar çox güman ki. 3-5 ay daha
gec mənzil sahibi olmaq fikrini qəbul edərlər”.
İqtisadçı təklif etdi ki, mənzil alması ilə
bağlı bildiriş verilən insanlar növbəti mənzil satışı zamanı hərraclarda
iştirak etmədən layihənin digər hissələrindəki mənzillər onlara verilsin:"Orada
hələ ki, satışa çıxarılmamış 1580 mənzil var. Bu isə 1325 nəfərin həmin mənzillərdə
yerləşdirilməsinə imkan yaradır. Yerdə qalan 255 mənzil isə hərrac yolu ilə
satıla bilər. Mənim təklifim bundan ibarətdir. Bundan əlavə, bu qədər zəhməti hədər
edən qurum olaraq Rabitə Nazirliyi cəzalandırılmalıdır. MİDA-nın özü bu işdə
xüsusilə aktiv olmalıdır və çalışmalıdır ki, öz reputasiyasını və etibarlılıq
imicini konkret addımlarla əhaliyə sübut etsin. Əks halda bu mif artıq iflasa
uğrayıb. Növbəti hərraclarda da insanların MİDA tərəfindən həyata keçirilən
satışlara inamı olmayacaq. İlkin nəticələrdən məlum oldu ki, bu sistemdə ciddi
nöqsanlar var. Əslində isə hər bir işin ilki daha keyfiyyətli olmalı idi. İlk əməliyyatda
bu qədər problem ortaya çıxdısa, növbəti satışlara inam azalacaq”.
Nərgiz LİFTİYEVA
Musavat.com
Вернуться назад
|