Главная > Dünya > BMT "Wikileaks"in qurucusuna bəraət verdi

BMT "Wikileaks"in qurucusuna bəraət verdi


4-02-2016, 21:56.

BMT-nin işçi komissiyası "Wikileaks” saytının yaradıcısı Culian Assanjın şikayətinə baxıb və onun xeyrinə qərar çıxarıb.

Novator.az xəbər verir ki, komissiya Assanjın təhdid olunmasını pisləyib, onun həbsi ilə bağlı məhkəmə qərarının əsassız olması barədə qətnamə qəbul edib.

Qətnamədən əvvəl Assanj bildirmişdi ki, BMT komissiyası onun xeyrinə qərar çıxarmasa, Britaniya polisinə təslim olacaq. Xeyrinə qərar çıxarılacağı halda isə o, pasportunun qaytarılmalı, həbsinə göstərilən cəhdlərin dayandırılmalı olduğunu vurğulamışdı.

Assanj 2012-ci ilin iyununda İsveçə ekstradisiya olunmaqdan can qurtarmaq üçün Ekvadorun Londondakı səfirliyindən sığınacaq istəyib. Assanj İsveçdə zorlama xarakterli cinayətdə şübhəli bilinir. "Wikileaks”in yaradıcısı isə bu ittihamın siyasi motivli olduğunu deyir. Assanj İsveçin onu ABŞ-a deportasiya edəcəyindən ehtiyatlanır. Çünki Assanj "Wikileaks” saytında ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc edib. ABŞ onu casusluqda günahlandırır. ABŞ-ın əlinə keçsə, Assanja 35 il həbs və ya ölüm hökmü verilə bilər.

2012-ci ilin avqustunda Ekvador hökuməti Assanja siyasi sığınacaq verib. Amma o, indiyə qədər bu ölkəyə gedə bilməyib. Ekvadorun Londondakı səfirliyinin çölündə onu həbs etmək üçün bütün günü üç nəfər keşik çəkir. Ona görə də Assanj səfirlik binasını tərk edə bilmir.
Вернуться назад