Главная > Araşdırma > ABŞ vahid Fələstinin yerinə ayrı dövlət qurmağa hazırlaşır

ABŞ vahid Fələstinin yerinə ayrı dövlət qurmağa hazırlaşır


16-03-2018, 10:57.

                         ABŞ vahid Fələstinin yerinə ayrı dövlət qurmağa hazırlaşır

 

Ərəb ölkələri fələstinliləri satır?

Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Ureykat sensasion iddia ilə çıxış edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, S.Ureykat ABŞ-ın Qəzza zolağında ayrı bir dövlət qurmağa hazırlaşdığını bildirib.

Fələstinin İordan çayının Qərb sahilində Eriha şəhərindəki ofisində beynəlxalq rəsmi şəxslərlə bir araya gələn Ureykat bu həftənin 2-ci günü Ağ Evdə təşkil olunan və İsraillə birlikdə bir çox ərəb ölkəsindən təmsilçinin qatıldığı "Qəzzadakı insanlıq böhranı” adı altında keçirilən tədbiri sərt şəkildə tənqid edib.

S.Ureykat Fələstin rəhbərliyinin boykot etdiyi bu toplantı ilə bağlı olaraq "ABŞ-ın Qəzzadakı vəziyyətlə bağlı mövqeyi İordan çayının qərb sahilindəki işğal (İsrailin) idarəsinin törətdiklərinin məsuliyyətini başqasının üstünə yıxmaq cəhdindən başqa bir şey deyil” kimi cümlə işlədib.

S.Ureykatın rəyinə görə, həmin tədbir ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin probleminin həlli məqsədilə "əsrin müqaviləsi” adı altında layihəsinin bir parçasıdır. "Bu vəziyyət əslində müzakirə masasından fələstinli qaçqınlar və Qüds dosyesini ortadan qaldırmaq, habelə 1967-ci il hüdudları çərçivəsində iki dövlətli həlli yox etməyi planlamaqla bərabər Qəzzada ayrı bir dövlət qurmağı nəzərdə tutur”, - S.Ureykat vurğulayıb.

Ureykatın fikrincə, Qüdsün Fələstinin paytaxtı olması İordan çayının qərb sahili və Qəzza arasında coğrafi parçalanmağa son verə, habelə Qəzzadakı problemləri həllinin ən qısa yolu ola bilərdi.

Donald Trampın beynəlxalq müzakirələrlə bağlı xüsusi nümayəndəsi Ceyson Qrinblat Ağ Evdə təşkil olunan həmin tədbirdə Bəhreyn, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi 7 ərəb dövləti ilə bərabər, İsrail, Kanada, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Hollandiya, Norveç, İsveç , İsveçrə, Böyük Britaniya, Cənubi Kipr, Avropa Birliyi, BMT, Yaxın Şərq dördlüyü komitəsi və ABŞ Beynəlxalq inkişaf agentliyinin nümayəndələrinin qatıldığını söyləyib.

FAT İcraiyyə Komitəsinin üzvü Əhməd Mecdelani həmin tədbirlə bağlı olaraq "Qəzzadakı problemlərin iqtisadi deyil, siyasi həlli olmalıdır”,- deyərək qatılmağı rədd etdiklərini açıqlayıb.

Donald Trampın "əsrin müqaviləsi” layihəsi çərçivəsində yeni Fələstin dövlətinin qurulması üçün Sinay torpaqlarından bir qisminin alınmasının nəzərdə tutulduğu gələn xəbərlər arasındadır. Həmin torpaqların sahibi Misir isə hələ ki, bu cür iddiaları yalanlayır.

FAT baş katibi Saib Ureykat da ABŞ-ın İsrail və Fələstinə "əsrin müqaviləsi” ilə bağlı olaraq 13 maddəlik məruzə hazırladığını qeyd edib.

Məruzədə müqavilənin ilk maddəsində Qüdsün İsrailin paytaxtı olaraq tanınması olduğu deyilir. İkinci maddənin isə Tramp administrasiyasının Fələstin dövləti üçün Qüdsün ətraf məhəllələrində, daha doğrusu, 6 km xaricində yeni paytaxt inşa etməyi nəzərdə tutduğu göstərilir.


 


Вернуться назад