Главная > Ölkə > Təcili yardım: Azərbaycan inkar etdi, Nigeriya təsdiqlədi

Təcili yardım: Azərbaycan inkar etdi, Nigeriya təsdiqlədi


1-02-2016, 16:48.

Nigeriya Dünya Bankına və Afrika İnkişaf Bankına artmaqda olan büdcə kəsirlərini doldurmaq üçün 3.5 milyard dollarlıq təcili maliyyə yardımı xahişi ilə müraciət edib.

Virtualaz.org xəbər verir ki, bu haqda "Financial Times” qəzeti yazır.

Bundan əvvəl "Financial Times” Azərbaycanın Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından 4 milyard dollarlıq təcili yardım paketi xahiş etdiyi barədə yazmışdı. Bildirilirdi ki, BVF-in və Dünya Bankının nümayəndə heyəti Azərbaycan tərəfinin təcili maliyyə yardımı paketi ilə bağlı xahişini müzakirə etmək üçün Bakıya gəlib. Lakin məlumat Bakıda təkzib olundu. Əvvəl maliyyə naziri Samir Şərifov, daha sonra prezident İlham Əliyev özü "Financial Times”in yalan yazdığını, Azərbaycanın heç bir təcili yardım paketi xahiş etmədiyini açıqladı.

 

Ancaq Azərbaycandan fərqli olaraq Nigeriya beynəlxalq kreditorlardan təcili maliyyə yardımı xahiş etdiyini təsdiq edib. Çünki bu neft  ölkəsində dövlət büdcəsinin kəsiri 15 milyard dollara çatır. Lakin Bakının təkziblərinə baxmayaraq "Financial Times” Nigeriya haqda məqaləsində də xatırladır ki, bu Afrika ölkəsindən əvvəl Azərbaycan BVF-dən və Dünya Bankından maliyyə yardımı xahiş edib.

Nigeriyanın maliyyə naziri Kemi Adeosun beynəlxalq kreditorlardan 3.5 milyard dollarlıq təcili kredit xahiş etdiklərini təsdiqləyərək deyib ki, neftin ucuzlaşması ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Ötən ildən bəri gəlirlər 70 faiz azalıb. Nigeriya beynəlxalq bazara istiqrazlar buraxsa da bu qiymətli kağızlara görə yüksək faizlər ödəməli olur. Dünya Bankı və Afrika İnkişaf Bankı isə daha aşağı faizlə kredit verə bilər. "Əgər Dünya Bankı mənə 3 faizlə kredit versə onu nəqliyyat, yol layihələrinə xərcləyərdik. O zaman mən avrobondlar bazarına getməli olmazdım”-nazir deyib.

Lakin Nigeriya Dünya Bankından kredit almaq üçün BVF-in şərtlərini yerinə yetirməlidir. Çünki Dünya Bankı BVF-in razılığı olmadan kredit verə bilməyəcəyini bildirir.

Xatırladaq ki, ötən həftə "Standard & Poors” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq maliyyə bazarlarından və kreditorlardan vəsaiti daha yuxarı faizlə cəlb etməli olacaq.

Bu arada "Turan” agentliyi xəbər verib ki, ötən həftə BFV-in və Dünya Bankının missiyası ilə Azərbaycan rəhbərliyi arasında danışıqlar ağır keçib və nəticə verməyib.

Qeyri-rəsmi mənbələrdən məlum olub ki, kreditlərin verilməsi ilə bağlı xahişin cavabında beş tələb irəli sürülüb: geniş özəlləşdirmə, dövlət aparatında ixtisarlar, real məhkəmə islahatları, əmək haqları, pensiya və dövlət xərclərinin dondurulması, ÜTT-yə daxil olmaq.

Mənbənin məlumatına görə, hökumət beş şərtdən yalnız ikisi ilə razılaşıb. Nəticədə beynəlxalq qurumlar kreditin verilməsini mümkünsüz hesab ediblər.


Вернуться назад