Parlamentin və səhiyyənin xərçəng SİNDROMU: Kamaləddin
Qafarovun Gerçəkliyi
Son vaxtlar bir çox deputatlar çıxışlarında yol verdikləri
səhvlərlə xalqın qınağına tuş gəldilər. YAP-çı deputat Astan Şahverdiyevin
Rusiyada çalışan həmyerlilərimizi "otxod” adlandırması, ardınca Hadi Rəcəblinin
şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi, həmçinin
Hüseynbala Mirələmovun əhaliyə "az yeyin” deməsi ciddi ictimai qınağa tuş gəldi.
Təbii ki, bu məqamda bir il öncə Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı
deputat Naqif Həmzəyevi də unutmaq olmaz… Necə deyərlər, bu cür deputatları olan
iqtidara heç müxalifət lazım deyil. Onlar mütəmadi olaraq çıxışlarında yol
verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə
zərbə vururlar. Aldığı mandatı layiqincə dəyərləndirməyib hakim komandanın
passivinə xal yazan deputatlar siyahısında 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin
Milli Məclis təmsilçisi Kəmaləddin Qafarov da var. Milli Məclisin ən gənc
deputatlarından olan K.Qafarov barəsində internet üzərindən apardığımız
araşdırmalarda maraqlı nəticələri üzə çıxardıq.
Susmaq üçün mandat daşıyan deputat
Hətta spiker Oqtay Əsədovun da yadından çıxan Qafarov ölkənin ən vacib sahəsinin
– Səhiyyə Komitəsinin üzvüdür. Amma istər tibbi sığorta, istərsə tibb işçilərinin
əmək haqları mövzusunda ağzını açıb danışmayıb. Qəribədir ki, peşəsi maliyyəçi
olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor
müavinidir, üstəgəl də deputatdır. Əslində, iqtisadi bilikləri olan bir deputat
kimi təkcə səhiyyə yox, həm də Azərbaycanın indiki maliyyə sabitliyinin
pozulmasından danışmalıdır. Yəni, devalvasiya, böhran, çıxış yolları haqda
fikir yürütməlidir, parlamentə və hökumətə təkliflər paketi olmalıdır. Amma
K.Qafarovun dərman qiymətləri ilə bağlı bir neçə çıxışından başqa Milli Məclisdə
səsini eşidən olmayıb. Sanki mandat ona susmaq üçün verilib. Yaşının gənc
vaxtında belə passivlik isə K.Qafarovun gələcək siyasi karyerasını indidən şübhə
altına alır.
Başçı ilə də yola getmir
Sözügedən deputatla bağlı media üzərindən araşdırmalarımızda ona da rast gəldik
ki, Qafarov Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla soyuq münasibət
saxlayır. O, RİH-nin hər hansı toplantısında və ya açılış mərasimində iştirak
etmir. İcra başçısı ilə soyuqluğun səbəbi bilinməsə də, ümumiyyətlə ilk dəfə
deputat olan Qafurov publikadan qaçır. Bəziləri bunu onun təcrübəsizliyi ilə
izah edirlər. İstənilən halda millət vəkili, özü də paytaxtın əhəmiyyətli
rayonlarından birinin deputatı seçilmisənsə, mütləq aktiv olmalısan. Azərbaycanın
siyasi-iqtisadi həyatına bu qədər hadisə baş verməsinə baxmayaraq, K.Qafarov öz
dünyasında yaşayır.
Dərman monopoliyası: kosmetoloji pereparatlar və…
Kəmaləddin Qafarovun media qarşısına çıxmamasının, hətta seçicilərindən də yan
qaçmasının digər bir səbəbi isə onun biznes fəaliyyəti ilə bağlıdır: "Deputatın
biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət
göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın
başı ona görə qarışıqdır”. Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı
rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi,
idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub. Yeri gəlmişkən
yayılan məlumatlarda K.Qafarovun kosmetoloji pereparatlar və Hepatit C virisuna
qarşı dərman satışını xüsusi olaraq monopoliyada saxladığı bildirilir. Hətta bu
sistemdə ayrı-ayrı iş adamlarına haqq qoyulması da gələn məlumatlar
sırasındadır.
Səhiyyənin onkologiya "xərçəngi”
Kəmaləddin Qafarov Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli
Onkologiya Mərkəzinin direktor müavinidir. Bu tibb ocağı haqda mediada dərc
olunan şikayətlər onu göstərir ki, nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu
klinikada "sabun köpüyü”nə çevrilib. Yəni "pulunu ver, şəklini çəkdir” misalı.
Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az
olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır. Ancaq
bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Milli Onkologiya Mərkəzində
pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada
"sabun köpüyü”nə çevrilib – "pulunu ver, şəklini çəkdir”. İndi isə Milli
Onkologiya Mərkəzində müəyyən etdiyimiz, pulsuz deyilən Azərbaycan səhiyyəsində,
rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırırıq:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə
üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini
müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə
kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60
manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng
xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər
dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000
manatdır.
Bundan başqa:
• xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir;
• bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata
keçirilir;
• zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar
edilir;
• zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb
olunur;
• kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;
• pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır;
• və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar.
Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək
olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Sonda Azərbaycan
qanunvericiliyindən bəzi normaları tibb müəsisəsinin rəhbəri Cəmil Əliyevin
oxuması üçün diqqətə çatdırırıq: " AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə
əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
"Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun
10-cu maddəsində isə deyilir: "Azərbaycan Respublikasının vətəndaşı olan
onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində
dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində
olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində
zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.(xeber.org)
Вернуться назад
|