Главная > Kriminal > Şəhid qızını maşınla vurub öldürən iş adamının oğlu "Enerji-klub"a ad gününə gedirmiş -TƏFƏRRÜAT

Şəhid qızını maşınla vurub öldürən iş adamının oğlu "Enerji-klub"a ad gününə gedirmiş -TƏFƏRRÜAT


1-02-2018, 17:30.

     Şəhid qızını maşınla vurub öldürən iş adamının oğlu "Enerji-klub"a ad gününə gedirmiş -TƏFƏRRÜAT

 

Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi atası Akif Rəhimov tanınıb.

Məhkəmədə qəza zamanı dünyasını dəyişən Könül Əkbərovanın anası, hüquqi varisi kimi tanınmış Bəsti Qədimova da iştirak edib.

Bəsti Qədimova deyib ki, mərhum qızı ailəli olub, sonra boşanıb. Onun 4 övladı var. Onlardan biri hərbi xidmətdədir.

Məhkəmə istintaqı başlayıb və dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir.

R.Rəhimov elan olunan ittihamla özünü təqsirli bilmədiyini deyib.


 

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü "Enerji-klub"a ad gününə gedirmiş. R.Rəhimov hadisə yerindən qaçmadığını deyib:

"Hava yağışlı idi. 50-60 sürətlə gedirdim ki, maşın sürüşməsin. Birdən maşına nəsə dəydi. Heç bilmədim ki, maşına dəyən insandır. Saxlayıb, düşdüm. Gördüm ki, qadın yıxılıb. Nəbzini yoxladım. Gördüm ki, artıq dünyasını dəyişib. Mən şokda idim. Yolun kənarında oturub ağlayırdım. Təcili yardıma zəng elədim. 15-20 dəqiqəyə gəldi. Sonra polislər də gəldi. Polislər yenidən baxıb dedilər ki, artıq dünyasını dəyişib. Müəyyən səbəblərə görə polis əməkdaşları mənə dedi ki, get, atana denən sürücünü göndərsin. Mən polislərə dedim ki, qəzanı mən törətmişəm".

Suallara cavab verən R.Rəhimov söyləyib ki, sürücülük vəsiqəsi olmayıb, amma atasından gizli maşını götürüb: "Sürücümüzə dedim ki, ad gününə gedirəm. Maşını ver, amma atam bilməsin. Ad gününə dostlarım maşınla gəlirdi deyə mən də maşınla getmək istədim. Bir uşaqlıq idi, etdim. Başıma da bu hadisə gəldi. Heç istəməzdim belə olsun. Mən dünyasını dəyişən qadını tanımıram. Hadisədən peşmanam. Polislərə dedim ki, sənədlərim yoldadır, gəlir. Orada demək istəmədim ki, sənədlərim yoxdur".


 

Dövlət ittihamçısının suallarını cavablandıran R.Rəhimov bildirib ki, polis əməkdaşları ona deyib ki, ərazidə piyada keçidi var, amma piyada oradan keçməyib:"Polislər dedilər ki, səni tanıyırıq. Yəni, valideynlərimi nəzərdə tuturdu. Qolumdan tutub aşağı gətirdilər. Dedilər ki, "narahat olma, min taksiyə get. Biz hər şeyi qaydasına qoyacağıq". Mən sürücüyə zəng elədim".

Məhkəmənin davamında R.Rəhimovun istintaqa ilk ifadəsi elan edilib. Həmin ifadədə məlum olur ki, R.Rəhimov qəzanı sürücüləri Əmrulla Şahbazovun törətdiyini deyib. O bildirib ki, "Enerji-klub"da olarkən sürücüyə zəng edərək gəlib onu aparmasını istəyib. Sürücü yolda ona zəng edərək qəza törətdiyini deyib.

R.Rəhimov sonrakı ifadəsində qəzanı özünün törətdiyini etiraf edib. Məlum olub ki, R.Rəhimov sonrakı ifadələrində məhkəmədə verdiyi məzumunda ifadə verib.

Suallara cavab verən R.Rəhimov hadisə yerindən qaçmadığını, polislərin istəyi ilə oradan getdiyini bildirib.

Prosesdə zərərçəkmiş Bəsti Qədimova da sərbəst ifadə verib.

Похожее изображение

 

O söyləyib ki, zəng edib qızının qəzaya düşdüyünü deyiblər: "Mən işləyirdim. Hadisə zamanı xaricdə idim. Özüm xəstəyə baxıram ki, nəvələrimə baxım. Gələndə qızımı morqda gördüm. Mənim qəzanı törədən şəxs yaşda nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. İstəmərəm ki, onun həyatı qaralsın. İndi şikayətim yoxdur".

Zərərçəkmiş bildirib ki, qızının 3 və 40 mərasimi təqsirləndirilən şəxsin ailəsi tərəfindən qarşılanıb.

R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib.

R.Rəhimov "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.


 

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə "Yeganə” şadlıq sarayının sahibidir.

İlkin Muradov
Musavat.com

 


Вернуться назад