Главная > Ümumi > "Karmen” unu belə “ucuzlaşdırdı”: kisələr 5 kq azaldı - FOTO

"Karmen” unu belə “ucuzlaşdırdı”: kisələr 5 kq azaldı - FOTO


30-01-2016, 00:36.
Manatın məzənnəsinin düşməsi demək olar ki, bütün sahələrə öz mənfi təsirini göstərib. Təbii ki, bu ərzaq məhsullarının, un məmulatlarının qiymətindən də yan keçmədi. Bir neçə dəfə unun qiyməti ilə bağlı şəhərin müxtəlif ərazilərində müşahidələr aparsaq da, dəfələrlə süni qiymət artımını ictimailəşdirsək də, bu kələkbazların əməlləri bitib tükənmək bilmir. Bu dəfə isə nəzərimizi çəkən məsələ isə marketlərdə 50 kiloqramlıq un kisələrinin başına necə deyərlər "şamı-müsibəti"in gətirilməsi oldu. Un kisəsinin üzərində onun çəkisi əvvəllər 50 kq göstərilsə də, şəhər sakinlərinin iddiasına görə, bu göstərici hazırda 5 kq azaldılıb. Qiymət isə təbii ki, "endirilmiş", yəni 50 kiloqramlıq un kisəsinin qiymətinə.
 
Şəhərin müxtəlif yerlərində 45 kq olan "Karmen" unu 22-25 manat arasında dəyişdiyini də müşahidə etdik. Təbii ki, bəzi satış mərkəzlərində 50 kq-lıq un kisələri də diqqətimizi çəkdi. Amma maraqlıdır ki, 50 kiloqramlıq un kisəsi ilə 45 kq un kisəsinin qiyməti arasında heç bir fərq yoxdur.
 
Alıcı kimi yaxınlaşıb 50 kq un kisəsi almağa çalışdıq. Sövdələşməmiz demək olar ki, baş tutmuşdu. Amma almaq niyyətimiz yox idi. Üzərinə "50 kq" yazılmış un kisəsini qapana qoyub çəkisini öyrənmək istədik. Kisənin 47-49 kq arasında dəyişməsi də bizim üçün bir fürsət oldu. Əslində, belə olacağını öncədən təxmin etmişdik..
 
Sövdələşməni pozaraq kisəni anbara geri göndərdik. Satıcı isə dilinə qüvvət verib, "Qardaş, vallah mənlik deyil, mən də satıcıyam. Gedin onu bizə satanlardan soruşun ki, niyə üzərinə "50 kq" yazıb 46-48 kiloqram un satırlar. Çox təəssüflər olsun ki, üzərinə 45 kq yazılmış un kisəsini "qapana" qoymağı unutduq. Bəlkə onun da çəkisində devalvasiyadan sonra "arıqlama" olmuşdu.
 
"İlan vuran, ala çatıdan qorxar"
 
Fürsəti fövtə vermək bu məqamda olmazdı. "Karmen"lə əlaqə saxlamağa şalışdıq. Ad-soyadını deməkdən çəkinən mühasibatçı xanım bu məsələnin onun sahəsinə uyğun olmadığını desə də, şirkətin müdafiəsinə qalxdı. Onun sözlərinə görə, satışda həm 50 kq-lıq, həm də 45 kq-lıq un kisələri var:
 
"Adətən 45 kq-lıq kisələr cənub bölgəsində daha çox alınır. Yəni əvvəl 50 kq-lıq kisələr indi 45 kiloqram olmayıb. Kisələrin çəkisi isə həm istehsal edilən vaxt, həm də satışa çıxarılan vaxt xüsusi tərəzilər vasitəsilə çəkilir. Əgər çəkidə azalma olubsa, bu, bizim problemimiz deyil”. Amma şirkət əməkdaşı 45 kiloqramlıq unun niyə 50 kiloqramlıq kisənin qiymətinə, yəni 26 manata satılmasının səbəbinə aydınlqı gətirmədi.
 
Aidiyyatı sahə üzrə mütəxəssislərlə əlaqə saxlamaq üçün daha sonra zəng etməyimizi tövsiyyə edən xanım şirkətdə danışa bildiyimiz sonuncu şəxs oldu.
 
Növbəti cəhdimizdə telefonun dəstəyini qaldıran gözətçi qısa iş günü (cümə və qısa iş günü -?- red.) olduğundan hamının getdiyini bildirdi: "Saat 2-dən sonra heç kim olmur".
 
Məsələ ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindəm məsələyə münasibət öyrənmək istədik. Təəssüflər olsun ki, zəngimiz cavabsız qaldı.

 
Rövşən Əsədov
Cebhe.info

Вернуться назад