Главная > Ədəbiyyat > "Həkimə dedim, qarnım kisə deyil ki, açıb-bağlayasan"- Sabirin Səhhətə məktubu

"Həkimə dedim, qarnım kisə deyil ki, açıb-bağlayasan"- Sabirin Səhhətə məktubu


18-01-2018, 18:03.

         "Həkimə dedim, qarnım kisə deyil ki, açıb-bağlayasan"-Sabirin Səhhətə məktubu

 

Azərbaycan satirik şeirinin ən böyük nümayəndəsi, tənqidi realizm cərəyanının banilərindən olmuş Mirzə Ələkbər Sabirin ağır dönəmlərdə, həyatının ən ağrılı vaxtlarında dostları Abbas Səhhətə və Abbas Mirzə Şərifzadəyə yazdığı məktubları XX əsrin əvvəllərində Azərbaycan aydınlarının üzləşdiyi çətinlikləri göstərməkdən ötrü çox əvəzsiz materialardı.


"Ürək qanı ilə yazılmış” məktublardan birini dilinə toxunmadan sizə təqdim edirik:

 

 

"Qardaşım Səhhət!

Müalicədən ötrü Tiflisə gəldikdən sonra sənə məktub yazmamışam; zira ki, halım müsaid olmayıbdır. Mirzə Cəlil və Həmidə xanı cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim; Rəbbi-Təala həzrətləri əvəz versin. Bu qədər bil ki, öz evimdən artıq mənə pərəstariş edirlər. Doktorları cəm edib, konsultasiya yapdılar; doktorların bəzisi operasiya, yəni əməliyyati-cərrahiyyə icra etmək lazım bildi. Mənə təklif etdilər ki, ciyərindəki illər kəmalınca bizə məlum və müşəxxəs deyildir; razı olsan əməliyyati-cərrahiyyə yaparıq; ciyərlərindən kəsmək lazım isə, kəsərik, yox, lazım deyilsə, yenə kəsdiyimiz yeri tikib, əlac edərik.

Dedim:

– Bağışlıyasınız, dokrot əfəndilər! Mənim qarnım portmanat, kisə deyil ki, istədiyiniz kimi açıb qapayasınız. Bəlkə, kəsdiniz, sonra əmələ gəlmədi?

Mənim bu sözüm həkimlərin çox xoşuna getdi, gülüşdülər. Və buradakı əhibba da doktorların qəti söz vermədiyinə görə əməliyyat icrasına razı olmadılar. Hələlik daxili müalicə ilə müdara edirəm.

Mövla görəlim neylər. Neylərsə, gözəl eylər.

Baqi ixlas və iradət.

Qardaşın Sabir

15 iyun 1911-ci il."


 

 Elmin Nuri, moderator.az

 


Вернуться назад