İnfarkt və insultun artmasının səbəbləri açıqlanıb -ARAŞDIRMA
Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri
birinci sırada gəlir.
Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə
özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz
olurlar. Bu isə çox təhlükəli haldır.
Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi
ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm
hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb.
Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.
Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının
artdığı bildirilir. Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək
təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman
etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.
Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev də APA-ya
açıqlamasında son dövrdə infarkt və beyin qan dövranının pozulmasından ölüm
hallarının artdığını təsdiqləyib. F.Quliyevin sözlərinə görə, Azərbaycanda ürək-damar
xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir:
"Əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi
stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün
qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet
də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Bu xəstəliklərin sayında
artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli
diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.
Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin
artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük. Əhali arasında iqlimlə
bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən
ölüm hallarının riskini artıran amildir. Virus artdığı üçün bu xəstəliklər də
artır”.
Ürək-damar xəstəliklərinin əlamətlərini sadalayan baş kardioloq bildirib ki,
indi infarkt əsasən ağrısız formada qeydə alınır: "Əvvəl infarkt döş qəfəsində
bərk ağrılarla müşahidə olunurdu. İndi isə bu kəskin simptomlar azalıb. Daha
çox təngnəfəslik və ağrısız forması qeydə alınır.
Bu da II tip şəkərli diabet xəstəliyi ilə bağlıdır. Yüksək arterial təzyiqi, şəkəri,
ürək ritmi ilə bağlı problemi olan xəstələr həmişə həkim müayinəsindən keçməlidirlər.
Ağrının olmasını gözləməməlidirlər”.
F. Quliyev xəstəliyin risk ehtimalını azaltmaq üçün məsləhətlərini də bölüşüb:
"İnsanlar qidalanmalarına diqqət yetirməlidirlər. İndi meyvə-tərəvəz qəbulu da
azalıb. Bu da vəsaitin çatışmazlığı bağlıdır. Şəkər xəstələri üçün xüsusi
qidalar var ki, qiyməti üç dəfə bahadır. Əhali bunu necə alsın? Məcburən pəhrizi
pozurlar.
Stressi azaltmaq məsləhətdir. İnsanlar deyir ki, az işləyim, çox qazanım. Bu da
onları stressə salır və depressiya yaranır. Psixiatra müraciət etsinlər, məsləhət
alsınlar. Bizə ürək-damar problemi ilə bağlı müraciət edənlərin ¾-də nevroloji
dəyişikliklər müşahidə olunur. Depressiya, nevrozla müraciət edirlər. Əhali
düşünür ki, nevrozdur, keçib gedəcək. Ancaq statistikaya nəzər yetirsək,
nevrozlu xəstələrdə ürək-damar xəstəlikləri riski 4,6 dəfə çoxdur. İnsanlar səhhətlərinə
laqeyd yanaşmasınlar”.
Əhali arasında beyin damarlarının tutulması, qanaması - insult halları da
çoxalıb. Ölümə səbəb olan xəstəliklər arasında üçüncü sırada insultlar dayanır.
Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova bildirib ki, son bir neçə ay ərzində
insult hallarının artması fəsillə əlaqədardır və iqlim şəraitinin kəskin dəyişməsi
xüsusilə, arterial hipertenziyası olan, ürək-damar problemli xəstələrə mənfi təsir
edir. İnsanların səhhətinə laqeyd yanaşması nəticəsində isə insult kimi xoşagəlməz
hallar baş verir.
İnsultun hemorraqik və işemik olaraq iki növünün olduğunu deyən S.Hüseynovanın
sözlərinə görə, işemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult
isə beyin qanamasıdır: "İnsultun səbəbləri sırasında birinci yerdə arterial
hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial
hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər
növləri üçün potensial xəstələrdir.
İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm
pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik
maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzun müddətli istifadəsi,
siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.
İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr
mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir. Ancaq
uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin
damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və
uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma
ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf də bilər”.
İnsultun əlamətlərindən danışan həkim deyib ki, insult əsasən gecə, səhərə
yaxın saatlarda yaranır: "Bu saatlarda arterial təzyiqin tənzimlənməsində
pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər
ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması
olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya
görünür, ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır.
Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir.
Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa, beyin
insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə
edilmir. Lakin beyin qanaması zamanı kəskin, ildırım çaxmasına bənzər baş ağrı
ilə başlayır və qısa müddət ərazində ürək bulanma, qusma, huşun itirilməsi kimi
əlamətlər ortaya çıxır. Bununla da yanaşı həm hərəki və fiziki pozuntular, yəni
ifliclər əmələ gəlir.
İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin
vacibliyini vurğulayan S.Hüseynova deyib ki, insult riskini azaltmaq üçün müntəzəm
idman lazımdır: "Piyada gəzmək lazımdır, daha çox meyvə tərəvəz yeyilməlidir.
Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox
balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə
bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə
artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət
deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan
istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar
divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur”.
Вернуться назад
|