Главная > Ölkə > Fikrət Fəraməzoğlu və Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı

Fikrət Fəraməzoğlu və Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı


28-01-2016, 11:16.
Səbəb bölgələrdəki aksiyaların işıqlandırılmasıdır
JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlu və Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət Baş Prokurorluğa çağırılıb. Bununla bağlı Qaynar.info-nun baş redaktoruna rəsmi məktub gəlsə də, JAM.AZ-ın rəhbərinə şifahi olaraq məlumat verilib. 

Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə daxil olmuş məktubda deyilir: "Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında, o cümlədən rəhbəri olduğunuz "Qaynar.info” internet saytında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Tərəfimizdən aparılan araşdırmalar zamanı yaranmış zərurətlə əlaqədar 28 yanvar 2016-cı il tarixdə saat 11:00-da Baş Prokurorluğa (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) gəlməyiniz xahiş olunur".

Zahir Əzəmət bildirib ki, rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilsə də, bu monitorinqlə bağlı nə redaksiyada, nə də ki, qurumun rəsmi saytında hər hansı bir məlumat yoxdur. "Prokurorluq əməkdaşı ilə şifahi söhbətdən də belə başa düşülür ki, bu çağırış ölkənin bölgələrində baş tutan etiraz aksiyalarının Qaynar.info saytında dərc olunması ilə bağlıdır”.

Fikrət Fəraməzoğlu da eyni fikirdədir. O da hesab edir ki, bu rayonlarda keçirilmiş aksiyaların yayımlanması ilə bağlıdır. "Mən saat 11-də prokurorluqda ola bilməyəcəm. Şəxsi problemlərimlə əlaqədar. Bu barədə Eldar Sultanovla telefonla danışmışam. Nə zaman çağıracaqlarsa, gedib aydınlaşdırmağa çalışacağıq məsələni”. 
Вернуться назад