Главная > Mövqe > Nobel laureatı iranlılara mübarizə yolunu göstərdi

Nobel laureatı iranlılara mübarizə yolunu göstərdi


4-01-2018, 17:03.

                 Nobel laureatı iranlılara mübarizə yolunu göstərdi  

 

İranlılar hökumət əleyhinə nümayişləri davam etdirməli, referendum tələb etməli və hökumətə qarşı iqtisadi təzyiq göstərməlidir.

Axar.az xəbər verir ki, bu sözləri iranlı hüquq müdafiəçisi, Nobel sülh mükafatı laureatı Şirin Ebadi deyib.

"Küçələrdə qalmaq və tələblərini bildirmək – bütün bunlar davam edilməsi gərəkən qanuni işlərdir”, - Ebadi bildirib.

Hüquq müdafiəçisi zorakılıqdan qaçılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İrandakı etirazların əsas səbəbi ölkənin Suriya, Yəmən və Livandakı hərbi xərcləri səbəbindən büdcənin zərər görməsi və yoxsulların sayının artması olub.

Ebadi vətəndaşları vergilərin ödənilməsini boykot etməyə, su, qaz və elektrik borclarını ödəməməyə və dövlətə iqtisadi təzyiq göstərmək üçün dövlət banklarındakı hesablarından pullarını götürməyə çağırıb.

Nobel mükafatçısı həmçinin İran polisinə və SEPAH-a müraciət edərək onları etirazçıların cərgəsinə qoşulmağa və qardaşlarını öldürməməyə səsləyib.

Qeyd edək ki, Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə alıb. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəsinə görə verilib.

 


Вернуться назад