Главная > Media > Kamran Mahmudovdan ilin media hesabatı

Kamran Mahmudovdan ilin media hesabatı


28-12-2017, 17:45.

                   Kamran Mahmudovdan ilin media hesabatı

 

Jurnalistin gözü ilə...

 

2017- ci ilin bitməsinə 1-2 gün qalır. İl sonunda özümüzə il haqqında bir hesabat verməli olsaq, təbii ki, hər kəsin bir baxışı olacaq. Hakimiyyət həmişəki kimi uğurlardan danışacaq, müxalifət isə problemlərdən...

 

Media adamı olaraq mən də 2017-ci ildə baş verənlərə öz baxışımı sərgiləmək istədim. Və məsələni daha çox medianın problemlərinin üzərinə çəkməklə... Sözsüz ki, bunun doğal səbəblərini önə çəkməklə və hadisələri analiz edərək obyekriv nəticə ortaya qoymaqla...

 

2017-ci il mənim xatirimdə mediaya basqılar ili kimi qaldı. Deyəcəksiniz ki, Azərbaycanda elə bir il olubmu, basqılar mediadan yan keçsin? Təəssüf ki, olmayıb. Amma bu il o birilərdən bir qədər fərqlənir.

 

Bundan əvvəlki illərdə basqılar, hücumlar, həbslər total xarakterli olsa da, yəni heç bir fərq qoyulmadan - vətəndaş cəmiyyətinin üzvündən tutmuş, müxalifət partiyasının üzvlərinə qədər, media da daxil olmaqla bütün fərqli düşüncəli insanlara şamil olunurdusa da, 2017-ci ildə baş verən həbslərə və ya basqılara nəzər yetirsək, bunun daha çox media mənsublarını əhatə etdiyinin şahidi olarıq.

 

Doğrudur, bu il vətəndaş cəmiyyətinin problemlərində, müxalifət partiyalarının durumunda da müsbət irəliləyiş hiss etmədik. O cümlədən fərqli düşüncəli insanların da üzərində basqılar, təzyiqlər, daha çox inzibati həbslər olsa da, dediyim kimi daha çox mediaya və media nümayəndələrinə basqılar ili oldu.

 

Faktlara nəzər salaq:

 

1. Martın 3-də bloger Mehman Huseynov məhkəmə zalında həbs edildi.

2. Mayın 2-də Kanal13 internet televiziyasının Bakıdakı rəhbəri Əziz Orucov barədə 30 günlük inzibati həbs qərarı çıxarıldı. İyunun 1- də isə qərar dəyişdirilərək 4 aylıq həbs qəti imkan tədbiri ilə əvəzləndi. Kanal13 internet televiziyasının Bakıdakı ofisi qapadıldı. Dekabrın 15- də məhkəmə Əziz Orucovu 6 illik həbsə məhkum etdi.

3. Mayın 12- də məhkəmə qərarı ilə Azərbaycanda azadliq.org, azadliq.info, "azerbaycansaati.com”, Turan TV və Meydan TV saytlarına giriş bloklandı. Əslində həmin saytlara giriş ilin əvvəlindən əngəllənsə də bu addım mayın 12- də məhkəmə qərarı ilə rəsmiləşdirildi. Məhkəmə 5 sayta girişi məhdudlaşdırmaq barədə qərar çıxarsa da, ölkədə girişi məhdudlaşdırılan saytların sayı çoxdur.

4. Mayın 29- da jurnalist Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq Bakıya gətirildi və həbs edildi. Hazırda Əfqan Muxtarlının məhkəməsi davam edir.

5. İyulun 24- də "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində məhkəmə 3 il 3 ay həbs hökmü çıxardı. Sentyabrın 15-də məhkəmə qərarı dəyişdirilərək Faiq Əmirlinin cəzasını şərti cəza ilə əvəzlədi.

6. Avqustun 10-da "Turan" İnformasiya Agentliyinə qarşı cinayət işi açıldı. Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edildi. Sentyabrın 11 də isə həbs qərarı ləğv olundu. Daha sonra isə cinayət işi qapadıldı.

7. Bəzi jurnalistlərin ölkədən kənara çıxışı məhdudlaşdırıldı, bəzilərinin bank hesabları bloklandı, bəziləri məhkəmə qərarı ilə cərimələndi, bəziləri isə ölkədən getmək məcburiyyətində qaldı və s. və i.

 

Yəni media üçün itkilərlə dolu olan bir il oldu.

 

Bu il baş tutan həbslərdən yalnız biri mediaya aid deyil: AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi. Gözəl Bayramlı mayın 26-da həbs edilib. Hazırda məhkəməsi davam edir.

 

Hə, yadıma düşmüşkən. Bu il hökumət ipə-sapa yatmayan jurnalistləri həbsxanada mənzilləndirməklə kifayətlənmədi. 255 jurnalist ailəsini isə sözün əsl mənasında mənzillə təmin etdi. Kiminə həbs, kiminə mənzil hədiyyə etdi, yəni hər kəsin xidmət etdiyi qədər...

 

Belə...

 

2018-də görüşənədək.

Müstəqil media tapsaq və ya azadlıqda qalsaq, görüşərik.

 

(arqument.az)
Вернуться назад