Главная > Baş Xəbər > Sudan səfirliyindən Sevakin adası ilə bağlı rəsmi açıqlama

Sudan səfirliyindən Sevakin adası ilə bağlı rəsmi açıqlama


28-12-2017, 17:23.

              Sudan səfirliyindən Sevakin adası ilə bağlı rəsmi açıqlama

 

Türkiyə ilə imzalanan Sevakin adası müqaviləsi ərəb ölkələrinin təhlükəsizliyinə təhdid təşkil etmir.

 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Sudanın Ər-Riyaddakı səfirliyinin mətbuat xidmətinin nümayəndəsi Əl-Mutez Əhməd İbrahim çıxış edib. Səfirlik rəsmisi Türkiyə prezidenti Ərdoğanın Sudana səfəri zamanı Sevakin adasındakı limanın icarəyə götürülməsi ilə bağlı əldə olunan anlaşmanın ərəb ölkələrinin təhlükəsizliyinə təhlükə yaratmadığını və bunun Misir-Sudan arasındakı Halayib və Şelatin məsələsindəki mübahisə ilə əlaqəli olmadığını bildirib.

İbrahim Səudiyyə Ərəbistanın "Ukkaz” qəzetində dərc olunan "Xartum Sevakini Ankaraya verir. Sudan Türkiyəyə bağlanır” adlı məqalədə işlədilən ifadələrin Sudana, ölkə nüfuzuna və bəzi ölkələrlə əlaqə qurmaq hüququna qarşı təhqiramiz məna daşıdığını qeyd edib.

"Ukkaz” qəzetində istifadə olunan "Türkiyənin Afrika tamahı” ifadəsini tənqid edən İbrahim bu sözləri deyib:

"Qəzet xəbərdə "Reuters” və Fransanın AFP agentliyini mənbə kimi göstərir. Bəhs edilən agentliklərdə gedən xəbərin məzmununu təhlil etdim, ancaq "tamah” sözünü göstərən hər hansı ifadə, yaxud ərəblərin beynəlxalq təhlükəsizliyini təhdid edən hər hansı bir hal görə bilmədim” – o, belə deyib.

İbrahim Sudanın xalqın mənafeyini nəzərə alaraq qurulan xarici əlaqələrdə diqqətli olduğunu bildirərək "Sevakin Sudanın əlindədir, başqa birinin deyil” deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qəzeti Türkiyənin Afrikaya tamah saldığını, dəniz yolları ilə böyümək istədiyini yazmışdı.

Xatırladaq ki, Sudan hökuməti Sevakin adasını Türkiyəyə gəmilərin təmir bazası yaradılması üçün icarəyə verib.

 


Вернуться назад