Главная > Ölkə > "Siyavuş Novruzov YAP daxilindəki problemləri həll etməklə məşğul olsun"

"Siyavuş Novruzov YAP daxilindəki problemləri həll etməklə məşğul olsun"


26-01-2016, 22:03.
"Müsavat Partiyasının heç bir problemi yoxdur və hazırda problem Yeni Azərbaycan Partiyasının daxilindədir. Siyavuş Novruzov da YAP-ın daxilindəki problemləri həll etməklə məşğul olsa daha yaxşı olar”. 

Bunu Moderator.az-a açıqlamasında Müsavat  Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun açıqlamasına münasibət bildirərkən söyləyib.  

Gülağa Aslanlı daha sonra bunları əlavə edib: "Siyavuş Novruzov əvvəla xalqı bu günə qoyan hakimiyyətin hüquqi statusunu müzakirə etsin. Ondan sonra partiya məsələlərinə qarışa bilər. İnsanların etirazının hakimiyyətə yönəldiyi, insanların çörək tapmağa çətinlik çəkdiyi bir vaxtda onların diqqətini başqa səmtə yönəltmək hakimiyyətin çoxdankı vərdişidir. Partiyaların hüquqi statusunu müəyyənləşdirmək üçün isə ölkədə azad, ədalətli, demokratik, seçki keçirmək kifayətdir. Proporsional seçki sistemini tətbiq etsinlər. Seçkinin nəticələrindən sonra məlum olacaq ki, hansı partiya Azərbaycanda hansı gücə, hansı siyasi qüvvəyə malikdir”. 

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın  icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda siyasi partiyaların hüquqi statusuna və fəaliyyətinə yenidən baxılacağını bildirib: "Azərbaycanda bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik etməyə, məsələlərin hüquqi bazasını konkretləşdirməyə qərar vermişik”. 

Bu problemlərin hazırda AXCP və Müsavat Partiyalarında olduğunu deyən S. Novruzov yeni dəyişiklik bu məsələləri həll edəcək, mübahisələrə son qoyacağını vurğulayıb.  

Rumiyyə  

Вернуться назад