Главная > Ölkə / GÜNDƏM > Qarda çörəkpulu qazananlar... - “Vasmoy”dan fotoreportaj

Qarda çörəkpulu qazananlar... - “Vasmoy”dan fotoreportaj


26-01-2016, 21:24.

"Limonun 5-i bir manat” , "2 corab alana biri hədiyyə”, "isti xaçapuri”… Bu sözləri sərt hava şəraiti olmasına baxmayaraq, bu gün də məşhur 8-ci kilometr bazarına yaxınlaşarkən eşitdik.

Budəfəki ziyarətimiz təsadüfən deyildi, ilin bütün fəsillərində, qarın günəşi qovmasından, palçığın dizəcən qalxmasından asılı olmayaraq onlar çörəkpulunu açıq havada, küçə ticarətində qazanırlar.

Biz də "Qafqazinfo” olaraq elə bu şaxtalı havada onların yanına getdik… Yollar sürüşkən olsa da, satıcıların bir çoxu elə səhər saatlarında iş başındaydı.

Piştaxtasını qardan təmizləyən kim, əllərini ovuşduraraq sağa-sola boylanıb müştərisini gözləyən kim…

Səidə xanım piştaxtasının üstünü örtməyə çalışsa da, 4 tərəfdən vuran külək qarı paltarların üstünə vururdu. Onları təmizləyə-təmizləyə müştərilərini səsləyən qadın 2 oğlunun da əsgər olduğunu söylədi:

"Başqa bir gəlirim yoxdur, kirayədə qalıram. Axı ev sahibinə deyə bilmərəm ki, bu ay qar yağdığı üçün işə getmirəm. Deyəcək, pulumu ver. Səhərdən hələ bir şey satmamışam. Nə olsun, biz bura pul dərdindən gəlirik, alıcılar bu havada heç bayıra çıxar? Axşam saat 6-ya kimi buradayam, ümid edirəm evə əliboş getmərəm”.

Digər satıcılar da havadan asılı olmayaraq son aylarda alış-verişin tamam azaldığını deyirlər:
"Ucuz bazardır deyə Bakının hər yanından bura alış-verişə gəlirdilər. Son aylar camaatın əlində pul yoxdur, demək olar ki, "Vasmoy”a gələn olmur”.

Bazarın məşhur palçıqlı yollarını qar daha da bərbad günə qoymuşdu, üstəgəl xeyli sayda gölməçələr yaranmışdı. Bu hal onsuz da dar olan yollarda hərəkəti bir az da çətinləşdirirdi, xüsusilə də arabaçılar üçün:

"Təki iş olsun, çətinliyi elə də fikirləşmirik, əksinə belə havalarda müraciət edənlər az olduğu üçün kimsə çağıranda yanına sevinərək gedirik. Qiymət də vaxtına görə dəyişir. Məsələn, araba ilə 1 saat gözləyirəmsə, 2 manat. Bəzən çox verənlər də olur. Bu gün 3 manat qazanmışam, buna da şükür, çörəkpuludur”.

Onlardan bəzilərinin üzündəki təbəssümünü qarın şaxtası belə soldura bilməmişdi. Əslində bu fotoda yer alanlar digərlərinə nisbətən daha şanslıdır: sığınacaq bir yerləri, qızınacaq sobaları var: "Buranın kirayəsi 500 manatdır. Düzdür, başımızı yağışdan, qardan qoruyur, ancaq kirayəsini ödəmək üçün səhər-axşam işləməli oluruq”.

Havanın qarlı olmasına baxmayaraq, tək-tük alıcılara da rast gəldik. Onların şaxtalı havada evdən çıxmalarına səbəb qiymətlərin ucuz olması idi:

"Marketlərdə qiymətlər büdcəmizə uyğun olmadığı üçün vaxt tapdıqca Binəqədidən buraya gəlirik. Qiymətlər nisbətən münasibdir. Məsələn, kələmi 40, kartofu 68, yumurtanı 15 qəpiyə almışıq. Necə deyərlər, bu havada it bayıra çıxmaz, ancaq ehtiyaclar üçün biz çıxmalı oluruq”.

Günel Hacı
Fotolar: Nuran

Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -
Qarda çörəkpulu qazananlar... -


Вернуться назад