Главная > Ədəbiyyat > Rauf Rəvan "Bəs sonra?" (ŞEİRLƏR)

Rauf Rəvan "Bəs sonra?" (ŞEİRLƏR)


29-11-2017, 15:21.

                 QÜRURUNA QURBAN GETDİN…

Mən ölsəm sən ağlamazsan bəlkə də,
Sən ağlasan mən ölərəm, ağlama.
Varlığımı unutmuşam səninçün,
Yoxluğumu varlığınla dağlama.


Köksümə çəkdiyin dağa seyrə gəl,
Burda çiçəklərin rəngi qaradı..
Özün əkib becərmisən bu dağı,
Təəcüb etmə sorma bura haradı..?


Dəyərimə dəyən qiymət vermədin,
Sən kimilər qiymət, dəyər anlamaz.
Məndən sonra min bir kərə aşiq ol,
Mən kimilər sənə ümüd bağlamaz..


SƏN ORDAN SEV, MƏN BURDAN…


Çox gec qarşılaşdı ürəklərimiz,
Səndə mən boy atır, məndə isə sən.
Əkizdir arzumuz, istəklərimiz,
Mənə sən deyirlər, sənə isə mən.


Mən doğma insanın qoynunda yadam,
Sən mənim eşqimlə yaman doğmasan.
Mən sənə səndən də əziz bir adam,
Sən məndən doğmalıq uman doğmasan.


Gözlərdə xoşbəxtəm, həqiqətdə yox,
Mənim həqiqətim əyandır sənə.
Təsadüfdə varam, zərurətdə yox,
Cismim də, ruhum da həyandır sənə.


Gəl birgə fəth edək eşqin zirvəsin,
Qorxmayaq tufandan, yağışdan, qardan.
Pünhan sevgimizi gözlər görməsin,
Sən məni ordan sev, mən səni burdan.


İKİ İLAN…


İlanlar var yer üzündə,
Zəhərlisi, zəhərsizi.
Minbir rəngdə ilanlar var,
Bəzəklisi, bəzəksizi.
İlanlar var bu dünyada,
Sürünənlər, yeriyənlər.
Min sifətdə ilanlar var,
Ağladanlar, güldürənlər.


Ya zəhərli, ya zəhərsiz,
Faydası yox öldürəcək.
Ya bəzəkli, ya bəzəksiz,
Səni məftun eyləyəcək.
İnsan üzlü ilanlar var,
İlan üzlü insanlar var.
Onların xoş fitnəsinə,
Uyub peşman olanlar var.


Mən zəhərli ilanlardan,
Qorxmamışam heç bir zaman.
Mən zəhərsiz olanlardan,
Çəkinmişəm zaman-zaman.
Mən sürünən ilanlardan,
Gizlətmirəm ürəyimi.
Mən yeriyən ilanlardan,
Qoruyuram kürəyimi.


BƏS SONRA ?


Biz insanıq!
Hər şey üçün çalışırıq, vuruşuruq.
Xoşbəxtliyə çatmaq üçün…
Bədbəxtlikdən qaçmaq üçün qaçışırıq, yarışırıq.
Çalışmağın, vuruşmağın, yarışmağın özəyi var…mayası var…bünövrəsi, təməli var.
O da budur…Yorulmadan gecə-gündüz danışırıq…
Danışırıq…danışırıq…danışırıq…
Özümüzdən bixəbərik…bilmirik ki, nə danışsaq, danışılan danışığın dalında bir sual durur…
Necə sual..?
Heç cavabı bilinməyən…heç cavabı olmayan bir sual durur…
Danışırıq…
Deyirik ki, xəbərin var?
Qonşu Məmmədin qızı nə az, nə çox düz altı il öz ərindən haqsız yerə şiddət görüb, zillət görüb….azmış kimi üstəlik xəyanət görüb…
Üç uşaqla boşanıb.
İndi ata ocağına daşınıb..
Bəs Sonra…..????
Danışırıq…
Deyirik ki, bu indiki cavanlarda nə atalıq, nə analıq duyğusu var…
Evlənmədən görüşürlər, əylənirlər, qaynıyırlar, qarışırlar…
Gələcəyi, arzuları iki dəstə göy-göyərti qiymətinə satırlar…
Utanmadan uşaq doğub zibilliyə atırlar…
Bəs Sonra…..????
Danışırıq…
Deyirik ki, işsizlik də canımızda can qoymayıb…
Xəcalətdən ərimişik…əyilmişik, vallah billah əzilmişik…
Arvad-uşaq qarşısına çıxmaq olmur…
Dost-tanışın gözlərinə baxmaq olmur…
Bəs Sonra…..????
Özümüzdən yoruluruq özgəsinə keçirik.
Danışırıq…
Deyirik ki, Suriyada iki yaşlı günahsız bir körpənin bədənini başından…
Tifil, körpə yaşından..
Atasından, anasından, qardaşından ayırdılar…
Bəs Sonra…..????
Deyiləsi dərdim çoxdur.
Sözüm bu ki, danışmağla dərd düzəlməz…
Qəm sağalmaz…Quru-quru danışmağla savaş olmaz…
Elə mən də danışıram…
Deyirəm ki, nə vaxtacan haqsızlara yem olacağ bəşəriyyət..?
Nə vaxt olar insanların arasında yalansız bir səmimiyyət..?
Nə vaxt gələr sükut dolu əbədi bir əbədiyyət..?
BƏS SONRA…..????

 


Вернуться назад