Главная > Siyasət > Türkiyə prezidentinə təşəkkür borcu

Türkiyə prezidentinə təşəkkür borcu


18-11-2017, 09:41.

                 Türkiyə prezidentinə təşəkkür borcu

 

 

O, Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyini açıqlığa necə qovuşdurdu...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana aydın və qəti mövqeyindən dolayı təşəkkür düşür. Nəhayət, ən yüksək səviyyədə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olmadığı deyildi. Özü də Ərdoğan bunu birbaşa Putinin, yəni ATƏT Minsk Qrupunun əsas həmsədr ölkəsinin prezidentinin adından söylədi.

Bəli, Ərdoğan açıq şəkildə bildirdi ki, danışıqlar yolu ilə bu münaqişənin həlli mümkün deyil. Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə etdiyini qeyd edib. Sitat: "Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, hazırda Rusiya və Türkiyə prezidentləri arasında çox isti münasibətlər var. İki ölkə prezidenti bu il 6 dəfə görüşüb. Noyabrın 22-də prezidentlər arasında Suriya münaqişəsi ilə bağlı daha bir görüş olacaq. Bu, rekorddur. Həm də ikili arasında münasibətlərin ən yüksək səviyyədə, necə deyərlər səmimi olduğunu göstərir.

Ərdoğanın Qarabağ münaqişəsi ilə bağlı Putinlə söhbət etməsi və ikincinin reaksiyası çox maraqlıdır. Aydın olur ki, Putin siyasi ritorikaya uyğun olaraq və Rusiyanın vasitəçi missiyasından irəli gələn məsuliyyəti də nəzərə alaraq ümumi şəkildə və sadəcə işğal olunmuş rayonların geri qaytarılmasını mümkün hesab etdiyini deyib. Və bunu o şəkildə deyir ki, həmsöhbəti olan Türkiyə prezidenti hiss eləsin. Məsələ ondadır ki, Putinin istənilən halda Azərbaycanın yaxın müttəfiqi olan Türkiyənin prezidentinə açıq şəkildə münaqişənin danışıqlar yolu ilə həll olunmayacağını deməsi mümkün deyil. Amma bunu üstüörtülü çatdıra bilərdi və çatdırıb da.

Ehtimal ki, Putin demək istəyib ki, nəzəri baxımdan bu variant (yəni 5 rayonun qaytarılması - K.R.) mümkün olsa da, indi çox çətindir. Çünki tərəflər hazır deyil. Rusiyanın isə başı hazırda öz daxili sosial-iqtisadi və siyasi (seçki - K.R.) məsələlərinə, xaricdə isə Suriyadakı müharibəyə qarışıb. Hazırkı vəziyyətdə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə ayırmağa nə vaxtı var, nə də ehtiyacı.

Ancaq Rusiya üçün Qarabağda müharibənin olmaması həyati əhəmiyyət kəsb edir. Hər kəsə aydındır ki, Qarabağda növbəti savaş dağıdıcı olacaq və bütöv regiona təsir edəcək. Üstəlik Qarabağda başlayan müharibənin od-alovunun Şimali Qafqaz kimi regionlara sıçraması riski də var. Bu səbəbdən də Rusiya danışıqlar prosesi görüntüsünü qoruyub saxlamaqla həm də atəşkəsi qoruyub saxlayır. Çünki əks təqdirdə sülh ümidləri olmasa savaş qaçılmaz olacaq.

Ancaq Türkiyə prezidentinin baxışları daha praqmatik və realistdir. Bu münaqişənin vasitəçilərin get-gəli ilə həll eləmək mümkün deyil. Bunu Türkiyə prezidenti də açıq deyir:"Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”. Bu cümlənin açması odur ki, Azərbaycan özü Ermənistanı danışıqlara məcbur etməlidir. Rusiya erməniləri Azərbaycana torpaq qaytarmağa məcbur edən deyil. Məncə mesaj çox aydın və açıqdır.

Kənan RÖVŞƏNOĞLU, musavat.com

 


Вернуться назад