Yeni lüğətdə "stress"in "stres, "ədəbiyyat"ın
"ədəbiyat" kimi yazılması təklif olunur
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili
orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın
növbəti iclası keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən
məlumata görə, iclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin
qaydaları müzakirə olunub.
İclasda çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu
bildirib ki, orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu
hazırlamalıdır.
Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib.
İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa ss samitlərindən
yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress- ekspres), -"iyyət”
şəkilçisinin yazıda "-iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması
müzakirəyə çıxarılıb. Tərkibində "ilə” qoşması olan sözlərin (etibarilə,
münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb.
Qeyd edilən təkliflər ilkin müzakirədə irəli sürülüb. Orfoqrafiya qaydaları
haqqında müzakirələr davam etdiriləcək.
Qeyd edək ki, 1 noyabr 2017-ci ildə AMEA Rəyasət Heyəti "Yeni Orfoqrafiya lüğətinin
nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla bağlı olaraq
Orfoqrafiya komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti,
akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,
məsul katibi Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik M.
Nağısoyludur. Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20 nəfərə
qədər ziyalı, dilçi alim daxildir.
Вернуться назад
|