Главная > Aktual > İki ay ərzində Banqladeşə 605 mindən çox Rohinca qaçqını gəlib

İki ay ərzində Banqladeşə 605 mindən çox Rohinca qaçqını gəlib


27-10-2017, 22:16.

               İki ay ərzində Banqladeşə 605 mindən çox Rohinca qaçqını gəlib

 

Avqustun 25-dən indiyədək Myanmadan Banqladeşə 605 mindən çox Rohinca qaçqını – arakanlı müsəlman gəlib. Bu barədə Beynəlxalq Miqrasiya Agentliyi məlumat yayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Myanmada baş verən etnik böhrandan əvvəl Banqladeşdə artıq 300 mindən çox arakanlı müsəlman vardı. Beləliklə, hazırda Koks-Bazar dairəsində onların sayı 889 mini keçib. Agentliyin məlumatına əsasən, yaxın zamanlarda bu ölkədəki qaçqınların sayı 1 milyon nəfəri ötə bilər.

Bununla yanaşı, Myanmanı tərk edə bilməyən rohincalıların da köməyə ehtiyacı var. Ölkə rəhbərliyinin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən humanitar agentliklər Rohinca xalqının yaşadığı şimali Rakhayn ştatına ərzaq və tibb ləvazimatı çatdıra bilmir.

Xatırladaq ki, avqustun 25-dən başlayaraq Myanmanın qərbində yerləşən və Rohinca müsəlmanlarının yaşadığı Rakhayn ştatında vəziyyət yenidən kəskinləşib. Myanma ordusu və silahlıların hücumları nəticəsində minlərlə müsəlman vəhşicəsinə öldürülüb, 200-ə yaxın kəndi yer üzündən silinib. 1970-ci illərdən bəri müntəzəm hücumlar və etnik təmizləmələr səbəbindən Myanmada sayları 2 milyondan yuxarı olan müsəlmanların 84 faizi qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Banqladeşin Koks-Bazar dairəsinə hər gün təxminən 2 min Rohinca qaçqını gəlir.

 


Вернуться назад