Azərbaycan prezidenti:"Ermənistan müsəlman ölkələrinin
dostu ola bilməz""
"Ermənistan 25 ildən
artıqdır, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7
rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1
milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci
ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613
dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə
insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə
qəbul edib".
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev
İstanbulda keçirilən D-8 sammitində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir: "Eyni
zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar
da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara
məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam
etdirir.
Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində
mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan
Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın
bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən
tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət
bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən
dağıdılmış Şuşa məscidinin bənzəridir".
Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu
vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll edilməlidir: "Azərbaycan dövləti və xalqı heç
vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti
yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və
olmayacaq".
Azərbaycanın İslam həmrəyliyini xüsusilə əhəmiyyətli saydığını, bu işə öz töhfəsini
verdiyini qeyd edən dövlət başçısı 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi
İli” elan olunduğunu xatırladıb.
"Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə
yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu
gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə
aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan
isə Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri
dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz", - deyə
prezident bildirib.
Вернуться назад
|