Главная > Problem > Bakıda “zapçast” bazarında etiraz aksiyası keçirildi

Bakıda “zapçast” bazarında etiraz aksiyası keçirildi


19-01-2016, 23:32.

Yanvarın 19-da Bakının Babək prospektində yerləşən, paytaxtın ən böyük maşın ehtiyat hissələri bazarında bu gün yer haqqlarının azaldılması tələbi ilə aksiya keçirilib

50-dək mağaza sahibi yer haqqlarının azaldılmasını tələb ediblər. Ərazidə polis əməkdaşları olsa da, onlar aksiyaya əvvəlcə müdaxilə etməyiblər.

Mağaza sahibi Nizami Məmmədov demokratiya.info-nun əməkdaşlarına deyib ki, dolların məzənnəsi qalxandan sonra alver zəifləyib: "Dollar bahalaşandan sonra firmalar nisyə mal vermir. Bəzən günlərlə heç nə satılmır. Maşın sahibləri məcburiyyət qarşısında qalmayanadək mal almırlar. Buna görə də, mağazalar bağlanır”.

Digər aksiya iştirakçısı isə toplaşaraq bazar rəhbərliyi ilə danışmaq istədiklərini dedi: "Biz yalnız yer haqqının azaldılmasını istəyirik. Əlavə heç bir tələbimiz yoxdur”.

Yanvarın 19-da Bakının Babək prospektində yerləşən, paytaxtın ən böyük maşın ehtiyat hissələri bazarında yer haqqının azaldılması tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiyaçılar manatın devalvasiyasından sonra bazarda alver getmədiyini, buna baxmayaraq icarə haqqının əvvəlki kimi qaldığını deyərək, şikayətləniblər. İşçiləri sahibkarın onlara 2-3 aylıq güzəşt etməsinə də razıdırlar.

«Mən üstüaçıq, 60 kvadratmetrlik yerə ayda 1000 manat pul verirəm, 260 manat da vergi. Halbuki bu mənim qazancımın yarısı da deyil. Ancaq Vergilər Nazirliyindən gəlib tapşırıblar ki, sahibkar vergi ödəməlidir. Hələ mən ən az yer haqqı verənəm. Adam var 3000 manat yer haqqı verir. Amma alver öləndən sonra bunu ödəmək olmur», – deyə satıcılardan biri Azadlıq Radiosuna deyib.

Aksiya iştirakçıları bir neçə gün əvvəl də yer haqqlarının azaldılmasını tələb etdiklərini söylədilər. Hazırda bazar rəhbərliyi ilə danışıqlar aparılır.

Bir müddət sonra aksiyanı polis dağıdıb.

Bazarın rəhbəri hazırda Bakıda deyil. Onun köməkçisi aksiyaçılara deyib ki, məsələni yoluna qoymağa çalışacaqlar.

Ancaq etirazçılar buna inanmırlar: «Bununla neçənci dəfədir sözümüzü çatdırırıq, hər dəfə də bizi yola verir. Bir dəfə də sahibkar dedi ki, xoşu gəlməyən getsin. Hara gedək?…».



 


Вернуться назад