Главная > Cəmiyyət > Təcili! 19 aylıq Fatimənin köməyə ehtiyacı var

Təcili! 19 aylıq Fatimənin köməyə ehtiyacı var


11-10-2017, 10:29.

                                 Təcili! 19 aylıq Fatimənin köməyə ehtiyacı var

 

 

19 aylıq Fatimə Baxşızadə təcili əməliyyat olunmalıdır. Bunun üçün Baxşıyevlər ailəsinin maddi yardıma ehtiyacı var. Anası Samirə Baxşıyevanın dediyinə görə, Fatimə anadangəlmə hidrosefaliya xəstəsidir:


"Bu uşaq ailəmizdə dünyaya gələn 4-cü uşaqdır. Ona qədər doğulanlar bir neçə gün sonra müxtəlif səbəblərdən dünyasını dəyişib. Yenidən uşaq sahibi olmaq üçün evimizi sataraq aylarla müalicə aldım. Hamiləlik dövründə ağrılarım olsa da, həkim mənim və uşağımla bağlı heç bir problem olmadığını bildirirdi. Nəhayət, ötən ilin fevralında Fatimə dünyaya gəldi. Vaxtından əvvəl dünyaya gəldiyi üçün günlərlə küvesdə qaldı. Sonradan məlum oldu ki, uşaqda hidrosefaliya xəstəliyi var. Bir müddət müalicə aldıqdan sonra xəstəxananı tərk etməli olduq. Çünki üst-üstə 10 min manatdan çox xərcimiz çıxmışdı, üstəlik 6 min manata qədər də borcumuz qalmışdı”.

Ananın dediyinə görə, Fatimə bu günə qədər 5 dəfə əməliyyat keçirib:

"Uşağın vəziyyətini ağırlaşdığını görüb bir neçə dəfə İrana müayinə və müalicəyə apardıq. Fatimə bu günə qədər 5 dəfə əməliyyat keçirib. Bildiyiniz kimi, hidrosefaliya xəstəliyi zamanı uşaq beyninin mədəciklərinin ölçüləri artır, başa su yığılmağa başlayır. Nəticədə baş hissənin ölçüsü sürətlə artır. Xəstəliyin müalicəsi daha çox cərrahi üsulla olduğundan Fatiməni bir neçə dəfə İrana əməliyyata apardıq. Lakin sonradan heç bir imkanımız olmadığından sonuncu əməliyyatı gecikdirdik. Nəticədə uşağın başı dəhşətli dərəcədə böyüməyə, kəllə sümükləri genişlənməyə başladı. Artıq körpəni qucağıma götürə bilmirdim. Maddi vəsaitimiz olmadığından sosial şəbəkələr vasitəsilə imkanlı şəxslərdən kömək istədik. Xeyirxah insanların köməkliyi sayəsində müəyyən qədər vəsait toplayıb yenidən İrana getdik. Lakin Təbriz xəstəxanasında bizə bildirdilər ki, artıq çox gecikmişik, uşağın ömrünə cəmi 2 ay qalıb. Çarəsiz qalıb Tehran şəhərindəki xəstəxanalara da müraciət etdik. Ordan da eyni cavabı aldıq. Uşağın isə vəziyyəti daha da ağırlaşmağa başlayırdı. Sonradan bizə bildirdilər ki, Ərdəbil şəhərində bu cür uşaqları müalicə edən xəstəxana var. Son olaraq həmin xəstəxanaya da üz tutduq. Fatimə orada əməliyyat olundu və əməliyyatın nəticəsi olaraq başının ölçüsü bir qədər kiçildi. Lakin qızım yenidən əməliyyat olunmalı, ciddi şəkildə müalicə almalıdır. Bunun üçün isə artıq heç bir maddi imkanımız yoxdur.

Üç uşağımızı itirdikdən sonra Fatimənin ailəmizə sevinc bəxş edəcəyini düşünürdük. Lakin 19 aydır ki, onun bu vəziyyətini görüb bir valideyn kimi əzab çəkirik. Gördüyünüz kimi, xəstəlik nəticəsində uşaq inkişafdan çox qalıb, həddindən artıq zəifdir. Başına su yığıldığı üçün lazımi qədər qidalandıra bilmirəm.

İmkanlı şəxslərdən çox xahiş edirəm, körpə qızımın sağ qalması üçün bizə köməklik göstərsinlər".

Qeyd edək ki, yaşamaq mücadiləsi verən 19 aylıq Fatiməyə köməklik göstərmək istəyənlər aşağıdakı bank hesabına müraciət edə bilər:

Bank Respublika
Hesab: 380194403256430202
Tel: (050) 607-78-22;
(050) 607-78-22

Xalidə GƏRAY, musavat.com


Вернуться назад