Главная > Problem > “Halımızı görsəniz...” - Daxmalarda çürüyən həyat (REPORTAJ, FOTOLAR)

“Halımızı görsəniz...” - Daxmalarda çürüyən həyat (REPORTAJ, FOTOLAR)


3-10-2017, 18:00.

                     "Halımızı görsəniz...” - Daxmalarda çürüyən həyat (REPORTAJ, FOTOLAR)

 

Hər il payız-qış mövsümünün gəlişi paytaxt Bakıda gecəqondularda məskunlaşan məcburi köçkün ailələri üçün dözülməz problemlərin başlanğıcı olur. Yayın istisini çətinliklə də olsa yola verən qaçqınlar payızın yağışı, sel sularının axması ilə məşəqqət yaşayırlar.

Musavat.com-un müxbiri çətin şəraitdə yaşayan məcburi köçkün ailələrin məskunlaşdığı ərazilərə baş çəkib, onların durumları ilə maraqlanıb.
Ərazidə olduğumuz zaman müşahidə etdik ki, yağışlardan sonra yarımçıq bina və onun həyətində tikilən gecəqondular bərbad duruma düşüb. Daxmaların tikintisində istifadə olunan taxtalar keyfiyyətini itirib. Yarımçıq binada isə vəziyyət daha acınacaqlıdır. Binanın kanalizasiya xətləri sıradan çıxdığından zirzəmi çirkab suları ilə dolub-daşır. Ən dəhşətlisi odur ki, zirzəmidə bir neçə gənc ailə yaşayır. Üfunət iyi, rütubət və həşəratlar buranı müxtəlif xəstəliklərin mənbəyinə çevrilib.

Musavat.com-un müxbirinə danışan sakinlər vəziyyəti belə izah etdilər: "25 ildir ki, bu daxmalarda ömrümüz çürüyüb. Hər yağış yağanda günümüz qara olur. Daxmaların tavanı bərbad vəziyyətdədir. Dam örtükləri yararsız hala düşdüyündən yağış suları otaqlara damır. Güclü yağışlar zamanı isə evdə gölməçələr yaranır. Qab-qacaq, vedrə, su tutan nə əşya varsa, daman yerlərə düzürük. Həmin an halımızı görsəniz, şoka düşərsiniz, bizim nə qədər zülm çəkdiyimizin şahidi olarsınız”.

Yarımçıq binanın zirzəmisində yaşayan ailələrlə də həmsöhbət olduq. Adının çəkilməsini istəməyən ailə başçısı çətin durumundan danışdı: "Fəhləlik edib, birtəhər ailəmi dolandırıram. Üç uşağım var, ancaq yaşamaq üçün normal şəraitimiz yoxdur. 4 nəfər öz ailəm, bir də xəstə anam balaca bir otaqda iç-içə yaşayırıq. Uşaqların dərslərinə hazırlaşması üçün yer yoxdur. Otaqların havalandırma sistemi, pəncərəsi yoxdur. Yayda havasızlıqdan daralır, qışda da soyuqdan donuruq. Bina gəmirici həşəratlarla doludur. Qaz xətti olmadığından evi yalnız elektrik pilətələri ilə qızdırırıq. Yemək, yuyunmaq da elektriklədir. Bu zaman məcburi köçkünlərə verilən limiti keçirik. Hökumət tərəfindən elektrik üçün ayrılan vəsait xərci ödəmir. Belə olan halda cibimizdən ödəməli oluruq”.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, həyətə evlərinin yerləşdiyi ərazinin yuxarı hissəsində zənginlərin villaları yerləşir. Bu villalardan məcburi köçkünlərin payına düşən isə onların kanalizasiya suları olur. Ərazinin relyefi elədir ki, oradan axan sular məcburi köçkünlərin mənzillərinə dolur. Burada hamının həyətində dərin gölməçələr əmələ gəlib. Sakinlər məcbur qalıb su nasosları ilə suyu kənara vururlar.

Məğrur Mərd

 


Вернуться назад