Главная > Baş Xəbər / Ədəbiyyat > Şahbaz Xuduoğlundan uşaqlara oxumaq üçün təklif etdiyi 101 kitab – SİYAHI
Şahbaz Xuduoğlundan uşaqlara oxumaq üçün təklif etdiyi 101 kitab – SİYAHI1-09-2017, 22:19. |
"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məktəblilər üçün oxunması vacib olan 101 adlıq siyahı tərtib edib. Həmin siyahını və naşirin bu siyahını nə üçün və hansı əsaslarla hazırladığı barədə fikirlərini təqdim edirik:
Əziz dostlar! Bu siyahını hazırlayarkən gördüm ki, 101 çox da böyük siyahı deyil. Əlavə etmək istədiyim xeyli əsər kənarda qaldı. İmkan olsa gələcəkdə 1000 əsərlik bir siyahı hazırlayaram. Vasif Talıbovun oxunması vacib olan kitab siyahısı ilə tanış oldum. Təşəbbüsü çox bəyəndim. Mən də bir siyahı hazırladım. Bəlkə dövlət qurumları üçün faydalı oldu. İnanıram ki, valideynlər, məktəblilər özləri bu siyahıdan istifadə edəcəklər.
Məncə, uşağın kitabla ünsiyyəti o, dünyaya gəlməzdən öncə başlayır. Valideynlər mütləq bunu nəzərə almalıdır. Həyatının ilk günlərindən parça və karton kitablar onun əsas oyuncağı olmalıdır. Məktəbə gedəndə artıq oxumaq və yazmaqdan müəyyən anlayışı olmalıdır.
Məktəb, əslində, uşaqlara təhsil, tərbiyə, savad vermir, o sadəcə təhsilə sistemli yanaşma öyrədir. Savadı, biliyi hər uşaq özü qazanır. Uşaqlar valideynlərin davamçısı yox, həm də təkrarçısıdır. Valideyn nə edirsə, uşaq da onu edir. Uşağın kitaba yaranan həvəsinin açarı valideyndədir. Gününü mobil telefonda, TV qarşısında keçirən valideynin "indiki uşaqların kitaba həvəsi yoxdur” deməsi riyakarlıqdır. İngilislərin bir sözü var: "Uşaqlarınızı tərbiyə etməyin, onlar onsuz da sizin kimi olacaq. Özünüzü tərbiyə edin”.
Uşaq valideynə baxan güzgüdür, uşağı tərbiyə etməkdən öncə gərək valideyn özünü tərbiyələndirsin. Mən şərti olaraq məktəbliləri 4 yaş qrupuna böldüm: 7-9, 9-13, 13-15 və 15-17. Məsləhət bildiyim ədəbiyyatı oxuma ardıcıllığı ilə siyahıya düzmüşəm. Hətta kitabların həcmini belə nəzərə aldım. "HƏRB VƏ SÜLH”dən sonra "ATALAR VƏ OĞULLAR”, "ANNA KARENİNA”dan sonra "LƏYAQƏTLƏ YAŞAMAQ SƏNƏTİ”ni sıralamağım təsadüfi deyil.
7-9 yaşda məktəblilərin az hissəsi sərbəst oxumağı bacarır. Yeni oxumağa başlayan balacaları ağır kitablarla yükləmək olmaz. Kitablar sadə və əyləncəli olmalıdır.
9-13 yaş arası daha iri həcmli kitablara üstünlük verilməlidir. Heyvanların həyatından bəhs edən mətnlər tədricən insanların yaşam tərzindən bəhs edənlərlə əvəzlənməlidir. Uşaqları hərəkətə gətirən, yaratmağa, yazmağa, işləməyə, öz bacarığını göstərməyə həvəsi artıran kitablar olmalıdır. Artıq onlar başa düşür ki, göydən 3 alma düşmür. Arzuladıqları hədiyyəni almaq üçün Santa Klausu gözləmək lazım deyil, yetər ki, əsaslı formada valideynə izah edəsən.
13-15 yaş Bu yaşda artıq uşaq özünü tanımağa başlayır. Öz imkanlarını götür-qoy edir. Gələcək barədə düşünür. Yarış əzmindədir. Məsuliyyəti artıb. Dünya onun üçün daha yalnız evi və ətrafdakı yaxın dostları deyil, daha genişdir. Uğurlu insanların həyat hekayələri cazibəli görünür. Bəzən tez-tez xəyal qırıqlığına düşürlər. Tez küsürlər. Adekvat olmayan hərəkətlər edirlər. Daxillərində dibsiz bir gücü kəşf edirlər. İddiaları yüksəkdir, valideynlərində və yaxınlarında səhvlər aşkar edirlər.
15-17 yaş Onları heç kim anlamaq istəmir. Bütün bəşəriyyət onlara qarşıdır. Buna baxmayaraq qələbə qazanmağa hazırdırlar. Bu vaxta qədər qorxmaz, məğlubedilməz valideyn zəif və bəzən hətta utandırıcıdır: geridə qalmışdılar – köhnə fikirli, köhnə dəbli, arxaik adamlardılar. Bu yaşda həyatlarında olan qəhrəmanlardan imtina edirlər, yenilərini axtarırlar. Elə birisini ki, məhz ona bənzəyə bilsin, onun kimi yaşasın. Hamıya sübut etməlidir ki, ən qoçaq, ən bacarıqlı məhz o özüdür.
Mənim təklif etdiyim ədəbiyyat siyahısında sadaladığım psixoloji vəziyyətlər nəzərə alınıb, üzləşdikləri baryerləri aşmağa bu kitablar yardım edəcək. Bu yerdə BAĞÇADA ARTIQ GEC OLACAQ kitabının müəllifi Masaru İbukanın fikrini sizinlə paylaşıram: "Görkəmli şəxsiyyətlərin valideynləri onlara kitabları zorla verməyiblər, sadəcə uşaqlarını kitablarla əhatə ediblər”. Uşaqlarımızı yağ-bal içində deyil, çoxlu kitablar əhatəsində böyütməyə çalışaq.
7-9 yaş üçün kitablar 1. Nağıllar – Səməd Behrəngi 2. Balacalar üçün sevimli xarici nağıllar. 3. Min bir gecə nağıllar – Dəniz səyyahı Sindibadın nağılı 4. Sehrli nağıllar – Hans Andersen 5. Sehrli nağıllar – Qrim qardaşları 6. Sehrli nağıllar – Şarl Pero 7. Matilda və digər hekayələri – Roald Dahl 8. Ata, ana, nənə, 8 uşaq və yük maşını – A.C.Vestli 9. Nənə və səkkiz uşaq meşədə – A.C.Vestli 10. Balaca və Karlson – Astrid Linqdren 11. Ailəsiz – Hektor Malo 12. Alisa möcüzələr diyarında – Luis Kerol 13. Qaraca qız və qorxulu nağıllar – Süleyman Sani Axundov 14. Koroğlu dastanı 15. Çox bilmək istəyənlər üçün ensiklopediya: NƏ, HARADA, NƏ ZAMAN?
9-13 yaş üçün kitablar
16. Pişik qız Minus – A.M.G. Şmit 17. Kiçik Prins – Antuan de Sent-Ekzüperi 18. Tom Soyyerin macəraları – Mark Tven 19. Heklberi Finnin macəraları – Mark Tven 20. Qulliverin səyahəti – Conatan Svift 21. Hekayələr – Edqar Allan Po 22. Hekayələr – Cek London 23. Hekayələr – O’Henri 24. Hekayələr – Anton Çexov 25. Kəlilə və Dimnə 26. Gündəlik – Anna Frank 27. Hekayələr – Səməd Behrəngi 28. Hekayələr – Cəlil Məmmədquluzadə 29. Hekayələr – Əbdürrəhimbəy Haqverdiyev 30. Harri Potter seriyası – C.K.Roulinq 31. Hobbit seriyası – R.Tolkien 32. Kozetta – Viktor Hüqo 33. Malular ailəsi – Corc Simenon 34. Olvier Tvist – Çarls Dikkens 35. Sual-cavaba dair böyük kitab: NƏ, NİYƏ, NƏ ÜÇÜN?
13-15 yaş üçün kitablar
36. Hophopnamə – M.Ə.Sabir 37. Heyvanıstan – Corc Oruel 38. Qoca və dəniz – Ernest Heminquey 39. Saçlı – Süleyman Rəhimov 40. Dantenin yubleyi – Anar 41. Səfillər – Viktor Hüqo 42. Yeniyetmə – Fyodor Dostoyevski 43. Şerlok Holms macəraları; Baskervillərin iti – Artur Konan Doyl 44. Alçaldılmış və təhqir edilmiş insanlar – Fyodor Dostoyevski 45. Qafqaz səfəri – Aleksandr Düma 46. Ovod – Etel Lilian Voyniç 47. Hacı Murad – Lev Tolstoy 48. Torpağın bərəkəti – Knut Hamsun 49. Dəli Kür – İsmayıl Şıxlı 50. Qətl Günü – Yusif Səmədoğlu 51. Söyüdlü arx – İlyas Əfəndiyev 52. Kazaklar – Lev Tolstoy 53. Anna Karenina – Lev Tolstoy 54. Ləyaqətlə yaşamaq qabiliyyəti haqqında – Mişel Monten 55. Sevmək sənəti – Erix From 56. Dumanlı Təbriz – Məmməd Səid Ordubadi 57. Quyu – İsi Məlikzadə 58. Sofinin dünyası – Castin Qarder 59. Endhauzun sirri – Aqata Kristi 60. Dəyirman – Mövlud Süleymanlı 61. Gilənar ağacına dediklərim – Əkrəm Əylisli 62. Eşitdiklərim, oxuduqlarım, gördüklərim – Manaf Süleymanov 63. Ömür kitabı – Sabir Rüstəmxanlı 64. Yol – Məmməd Oruc 65. Yamacda nişanə – Sabir Əhmədov 66. Məqalat – Şəms Təbrizi 67. Kəmalüddövlə məktubları – M.F.Axundov 68. Böyük uşaq ensiklopediyası: 5000 FAKT və HADİSƏ
15-17 yaş üçün kitablar
69. Hər şey səninlə başlar – Mümin Sekman 70. Gənc Verterin iztirabları – İohann Volfqanq Höte 71. Məsnəvidən hekayələr – Mövlana Cəlaləddin Rumi 72. Mənim həyatım – Mahatma Qandi 73. Dostları necə qazanmalı və insanlara necə təsir etməli – Deyl Karnegi 74. Siçanlar və Adamlar – Con Steynbek 75. Varlı ata, kasıb ata – Robert Kiyosaki, Şeron Lekter 76. Martin İden – Cek London 77. Çovdarlıqda uçurumdan qoruyan – Cerom Deyvid Selincer 78. Madam Bovari – Qustav Flober 79. Əsrimizin Siyavuşu – Məmməd Əmin Rəsulzadə 80. Qan içində – Yusif Vəzir Çəmənzəminli 81. Ceyn Eyr – Şarlotta Bronte 82. Qürur və qərəz – Ceyn Ostin 83. Hərb və sülh – Lev Tolstoy 84. Atalar və oğullar – İvan Turgenev 85. Üç yoldaş – Erix Mariya Remark 86. Qafqazın 12 sirri – Əsəd bəy 87. Əli və Nino – Qurban Səid 88. Sözlər – Jan Pol Sartr 89. Siddihartha – Herman Hesse 90. Nağıllar diyarında – Knut Hamsun 91. Don Kixot – Migel de Servantes 92. Cenni Herhardt – Teodor Drayzer 93. Yeni Qahirə – Nəcib Məhfuz 94. Mahmud və Məryam – Elçin 95. Maykl K.-nın həyatı və zəmanəsi – Con Maksvel Kutze 96. Yad – Kamyü 97. Elcernon üçün çiçəklər – Daniel Kiz 98. Pereyra iddia edir – Antoni Tabbuki 99. Tatar çölü – Dino Busatti 100. Üç mədəniyyət – Əhməd Ağaoğu 101. Yeni uşaq ensiklopediyası: 9000 HADİSƏ, FAKT, MƏQALƏ
(Bakupost.az)
Вернуться назад |